YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk dəqiqələrdən, ilk saatlardan...

Qardaş Türkiyənin yanında!

Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı yardımlarına, göstərdiyi dəstəyə dair informasiyalar yaymaqda davam edir.

Nüfuzlu media qurumlarında Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş ölkənin yanında olmasını ifadə etməsi, eləcə də aparılan yardım kampaniyalarına dair məqalələr, videomateriallar xüsusi yer tutur.

Sabah TV” televiziya kanalının saytında yer alan məlumatda zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə ölkəmizdə başladılan kampaniya çərçivəsində toplanan 20 TIR yardımın Bakıdan yola salındığı bildirilib.

Hürriyyət” qəzetinin saytında yayımlanan “Azərbaycan Prezidenti Əliyev: bütün Azərbaycan xalqı qardaş Türk xalqının yanındadır” sərlövhəli materialda dövlətimizin başçısının bu fikirləri yer alıb: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”.

sanliurfaolay.com”, “beyazgazete.com”, “sondakika.com”, “dunyabulteni.net” və digər nüfuzlu xəbər saytlarında yerləşdirilən yazılarda Azərbaycan tərəfindən Türkiyəyə əsl qardaşlıq nümunəsi göstərildiyi, bunun bütün səviyyələrdə həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, həmişə olduğu kimi, bu çətin sınaqda da Azərbaycan qardaş Türkiyəni darda qoymayıb, ona dəstək göstərən ilk ölkə olub.

Prezident İlham Əliyevin bununla bağlı sözlərindən gətirilən sitatlarda deyilir: “Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır… Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq… Tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.