Xəbərlər
Prezident İlham Əliyev XX Azərbaycan Beynəlxalq qida sənayesi və VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur.
Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına məlumat verdi ki, “World Food Azerbaijan–2014” sərgisi dünyaca məşhur “World Food” sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. Sərgi 20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən nümayəndələr qatılmışlar. Ənənəvi olaraq, bu siyahıda üstünlük Avropa (57 faiz) və MDB (15 faiz) ölkələrinin şirkətlərinə məxsusdur.
Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini stimullaşdırmaq məqsədilə “World Food Azerbaijan” və “Agri Hort Azerbaijan” sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və ərzaq texnologiyaları (“WorldFoodTech”). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və yağ-piy məhsulları təqdim olunur. Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər nümayiş etdirilir.
Diqqətə çatdırıldı ki, “Agri Hort Azerbaijan–2014” sərgisində Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil olunurlar. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıq yemi, toxumlar, gübrələr və s. nümayiş etdirilir.
Qeyd edildi ki, sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə artmışdır. Builki sərginin daha bir fərqləndirici xüsusiyyəti kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin genişlənməsidir. Belə ki, həmin ekspozisiya Bakı Sərgi Mərkəzi ilə yanaşı, açıq meydançada təşkil olunmuşdur. Burada “AzTexnika”, “John Deere”, Gəncə avtomobil zavodu, “Klever”, “Rostselmaş” və “Qomselmaş” kimi istehsalçı və distribüterlər öz məhsullarını nümayiş etdirirlər.
Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış oldu.