YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan - Çin münasibətləri qarşılıqlı əməkdaşlığa və tarixi ənənəyə əsaslanır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Davos İqtisadi Forumu dünyanın ən böyük və nüfuzlu forumlarından biri olaraq dünya liderlərinin toplandığı bir platformadır. Bu Forum əməkdaşlıq, müzakirələr, birgə layihələrin işlənməsi və investisiya cəlbi üçün olduqca uğurludur. Azərbaycan da qlobal və regional əhəmiyyətli bir sıra layihələrin sahibidir. Bu günlərdə Foruma qatlmış ölkə Prezidenti İlham Əliyev bir sıra əhəmiyyətli görüşlər keçirmiş və Çinin CGTN televiziya kanalına müsahibə vermişdir.  

Qeyd etmək lazımdır ki bu gün Azərbaycan-Çin əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. O vaxtdan bəri ardıcıl surətdə Azərbaycan Çinin "Vahid Çin" siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Qarşılıqlı siyasi münasibətlərin normal məcrada inkişafını hər iki ölkənin dövlət başçıları dəfələrlə qeyd etmişlər. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əməkdaşlığını strateji əhəmiyyət kəsb edən əlaqələr hesab edir. Bunu 2022-ci il aprelin 1-də Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edənlər də vurğuladılar.

Siyasi-diplomatik münasibətlərin müsbət məcrada inkişafı Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli mühit yaradır.

Belə bir münasibətlər fonunda Çinin ən böyük telekanalının müsahibə alması onu göstərir ki, Çində azərbaycana maraq artmaqda, regionun aparıcı ölkəsi kimi Azərbaycanla əlaqələrin inkişafına önəm verilməkdədir. Bunu xüsusi vurğulayan cənab İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin onu Çinin böyük dostu adlandırmasından məmnunluq ifadə edərək bildirmişdir: “Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.”

Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasından, xarici sərmayədarlar üçün hər cür imkan və şəraitin yaradılmasından bəhs edərkən Prezident İlham Əliyev qeyd etmişdir: “Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq.”

Bu gün dünyanın diqqətini çəkən “bir kəmər, bir yol” layihəsində fəal yer alan Azərbaycan Çinlə sıx əməkdaşlıq edir. İki ölkə arasında artıq yeni formatda bərpa olunmuş ənənəvi İpək yolu marşrutu çərçivəsində sıx fəaliyyət həyata keçirilir. İnanırıq ki, Zəngəzur dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə "Orta Dəhliz" rolunu oynayacaq. 

Əgər okean və dəniz yolu ilə yüklər Çindən Avropaya 30-35 günə çatdırılırsa, eyni yüklər quru yolla Azərbaycan üzərindən Avropaya 13-15 günə çatdırıla bilər. Bu isə kapitalın dövriyyəsinin sürətlənməsinə və nəticə etibarilə onun sahibinə 2-3 dəfə çox gəlirin gətirilməsinə şərait yaradılması deməkdir. Bu layihənin gələcək perspektivlərinə toxunan cənab Prezident qeyd etmişdir: “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.”

“Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.”-deyə bildirən cənab İlham Əliyev Azərbaycanın bu əməkdaşlıqda maraqlarının həm iqtisadi, həm də siyasi yönlərini qeyd etmiş, siyasətimizin qarşılıqlı əmədaşlığa əsaslandığını vurğulamışdır.