YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Davos Dünya İqtisadi Forumu Azərbaycana marağın yüksək səviyyədə olduğunu təsdiqlədi

“Davos Dünya İqtisadi Forumu 53-cü toplantısını başa vurdu. Builki Forum Azərbaycana, dövlət başçısı İlham Əliyevə hörmətin və rəğbətin daha da artdığını nümayiş etdirdi. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin İsveçrəyə 19-cu səfəri idi. Dövlət başçısı 15 dəfədir ki, Davos Dünya İqtisadi Forumunda iştirak edir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu dəfəki Forum da istisna olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəflər oldu. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin  sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu rolun artan istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən müxtəlif sessiyalarda xüsusi vurğulandı. Avropanın enerji təchizatında mühüm istiqamət olan elektrik enerjisi ilə təminatda da Azərbaycanın rolu yüksək qiymətləndirildi.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi: “İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində də mühüm layihələr icra edilir və nəticələr göz önündədir. Hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır. Reallıq budur ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşirik. Azərbaycan bütün çağırışları yüksək səviyyədə cavablandırmaq üzün səylərini artırır, əməkdaşlıq əlaqələrinin coğrafiyasını daha da genişləndirir.”

Builki Forumun mövzusuna diqqət yönəldən millət vəkili qeyd edib ki, dünyada qütbləşmə prosesi dərinləşir: “Azərbaycan daim dünyaya əməkdaşlıq, birlik, həmrəylik çağırışları ilə diqqətdə olub. Təbii ki, bu, ölkəmizin birləşdirici, sabitləşdirici faktor kimi möhkəmlənən mövqeyindən irəli gəlir. Çinin CGTN televiziya kanalına müsahibəsində Dünya İqtisadi Forumunun müzakirə üçün “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunu seçməsinin  səbəbini hazırkı dövrdə  əməkdaşlıq etməyin çətin olması ilə əsaslandıran jurnalistin “Bu mənada ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?” suallarına cavab olaraq dövlət başçısı bu reallığı diqqətə çatdırdı ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb. Çünki yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik.”

Əliabbas Salahzadə Forumun Azərbaycan-Çin münasibətlərinin təqdimatında da əhəmiyyətli rol oynadığını bildirib: “Azərbaycanın Çinlə artan istiqamətdə davam edən əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Prezidentin Çin Televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İkitərəfli münasibətlərin genişlənməsində dövlət başçıları  arasında dostluq münasibətləri xüsusi  rol oynayır.  Çin və Azərbaycan “Bir kəmər, bir yol layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu.”

Millət vəkili vurğulayıb ki, Davos Dünya İqtisadi Forumumun hər il keçirilən toplantısı həm müzakirəyə çıxarılan məsələlərin aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibində artımın olması ilə diqqətdə olur: “Bu, onu göstərir ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin,  ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu. Bir sözlə, Forum Azərbaycana marağın yüksək səviyyədə olduğunu nümayiş etdirdi.”