YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə yazılan qəhrəmanlıq səhifəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Çoxəsrlik tariximizin hüzn və şərəf səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 33 il ötür. Arxada qalan hər il faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbəyə çevrilir. Tarixinə sahib çıxan, yenilməzliyi, məğrurluğu ilə daim dünyanın diqqətində olan Azərbaycan  xalqı zəngin tariximizin hər bir səhifəsinin öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir. Çap edilən kitablar, yazılan elmi əsərlər, tarixi mənbələr həqiqətlərimizin daha dolğun şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Hər zaman bu reallıq öndə saxlanılır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq hər zaman tarixin sərt sınaqlarından şərəflə çıxar.

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi və 700-dən artıq vətəndaş yaralandı və xəsarət almışdır. Ümumilikdə 147 nəfər şəhidlik zirvəsinə ucaldı. Qeyd etdiyimiz kimi, 20 Yanvar tariximizin faciəli səhifəsi olsa da, özündə ehtiva etdiyi mühüm məqamlarla həm də qəhrəmanlıq səhifəsi kimi xarakterizə edilir. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

20 Yanvar  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından bəhs edərkən təbii ki, ilk olaraq  ulu öndər Heydər Əliyevin  Vətəninə, xalqına, millətinə bağlılığından, sevgisindən irəli gələn cəsarətli addımı, siyasi iradə nümunəsi göz önünə gəlir.  1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da 20 Yanvar həqiqətlərinin ifşa olunmasına yönələn addımları davamlılığı ilə diqqət çəkdi.  Ümummilli Liderin  təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Bu gün müasur müstəqil, qalib Azərbaycanın uğurlarından danışırıq. Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində Azərbaycana son 19 ildə daha möhtəşəm uğurlar qazandıran Prezident İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi yazdı. 30 illik işğala 44 gündə son qoyulması ölkəmizin malik olduğu imkanların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev bu tarixi Zəfərlə ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla bildirir.

Artıq üç ildir ki, hər bir bayramı, tarixi hadisələri, faciələrimizi tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda qeyd edirik. Azərbaycanın bu günü üçün canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

DİGƏR Xəbərlər Arxiv