YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyə gedən yolun başlanğıcı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olub. Bu qanlı hadisə xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. Reallıq budur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. 

Məqsəd Azərbaycan xalqının azadlıq istəyini boğmaq, onun susdurmaq idi.  Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar faciəsi xalqımızın milli azadlığına qovuşmasına təkan verdi. Müstəqilliyə gedən yolun başlanğıcı oldu.  Xalqımız azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin xatirəsini əziz tutur, şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir.

O da məlumdur ki, ulu öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi.  Ümummilli Liderin şəxsi təşəbbüsü və Sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı. 2010-cu ildə Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olundu. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olundu.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinə xüsusi diqqət göstərir. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edirik. Bu Zəfərə Vətən oğullarımızın canı, qanı bahasına nail olduq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən daim gənclərimizin torpaq, Vətən sevgisini xüsusi önə çəkir. “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət və qayğıları yüksək səviyyədədir. Onların nümunəsində və göstərişlərinə uyğun olaraq dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu diqqət və qayğı hər kəsin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Şəhidləri unutmağa haqqımız yoxdur.