YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

1990-cı ilin 20 Yanvar hadisələrindən 33 il ötür. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törətdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. 20 Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, milli oyanış tarixi oldu. Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş bu hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Azərbaycanın belə çətin bir vaxtında Ulu Öndər Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, öz etiraz səsini ucaltmışdır. Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmış və bəyanət vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu Öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onlara dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. Ölkə başçısının imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən 20 yanvar əlillərinin sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Belə ki, 01.01.2023-cü il tarixdən Prezidentin aylıq təqaüdləri növbəti dəfə artırılıb və şəhid ailələri üçün 600 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 500 manata, II dərəcə üzrə 400 manata, III dərəcə üzrə 330 manata çatdırılmışdır.

20 yanvar hadisələrindən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.