YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərəb dünyası ilə sıx münasibətləri mövcuddur

“Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, Azərbaycan dünya ölkələri ilə bərabərhüquqlu əsaslarla ikitərəfli münasibətlər qurmaqla dünyada dost və tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan, ərəb ölkələri ilə münasibətlərin inkişafı da xarici siyasətimizin prioritetləri sırasındadır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu kontekstdə böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın ərəb dünyası ilə sıx münasibətləri mövcuddur. Ərəb ölkələri hər zaman  Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının  da üzvləridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın havadarlarının təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına zidd sənəd hazırlansa da, məhz TŞ-ya üzv olan Qoşulmama Hərəkatının üzv dövlətlərinin prinsipiallığı nəticəsində həmin sənəd qəbul olunmadı. Ötən ay isə Ermənistanın havadarı olan Fransa Laçın yolu ilə bağlı BMT TŞ-da sənəd qəbuluna çalışdı. Amma həmin sənədin qəbulunun qarşısını alan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləri oldu. Prezident İlham Əliyev Əbu-Dabiyə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə bu məsələyə toxunub. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi bu dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu vurğulayıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərə dəvət olunub. Ümumiyyətlə, görüşdə  iki dövlətin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi vurğulanıb.

P.Kərimzadə Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasiminə dəvət olunmasını dövlətimizin başçısının dünyada yüksək nüfuza sahib olmasının göstəricisi kimi dəyərləndirib: “Ümumiyyətlə, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Bu mötəbər beynəlxalq tədbirdə enerji məsələləri müzakirə olunur. Azərbaycan da platforma çərçivəsində öz imkanlarını dünyaya təqdim edir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Bu dəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı ölkəmizin enerji siyasəti haqqında ətraflı məlumat verdi, eləcə də bu sahədə ölkəmizin imkanlarını təqdim etdi. Eləcə də, bu istiqamətdə ərəb şirkətləri əməkdaşlıq məsələləri vurğulanıb. Bütövlükdə, cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, eləcə də, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı Azərbaycanın dünya miqyasında nüfuzunun davamlı olaraq artmasının göstəricisidir”.