YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Qanunda zamanın çağırışları tam əks olunub

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlətimizin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin nümayişidir. Hər bir inkişafın əsasında sabitliyin və iqtisadi tərəqqinin dayandığını önə çəkən Azərbaycan dövləti siyasi islahatların qaçılmazlığını da bildirir. Azərbaycan ilk gündən demokratiya yolunu seçərək bu istiqamətdə inamla irəliləyir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin sözdə deyil, əməldə təsdiqi oldu. Demokratik islahatlar ölkəmizin bugünkü inkişafının əsasıdır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, demokratiya sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın qeyd edilən istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Belə ki, Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Qanunun aliliyinin təmin olunmasına gəldikdə isə cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Qanunlara əməl etməli,  vətəndaşıq borcumuzu yerinə yetirməliyik.

Azərbaycan iki ildir qalibiyyəti ilə dünyaya səs salıb. Bu gün qalib Azərbaycanın qarşısında dayanan vəzifələrdən, hədəflərdən, çağırşlardan bəhs edirik. Dövr dəyişirsə, təbii ki, öz növbəsində tələblər də dəyişəcək. Bu isə yeniləşməni, təkmilləşməni bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin yanvarın 11-də təsdiqlədiyi “Siyasi partiyalar haqqında” yeni Qanun bu çağırışları özündə ehtiva edir. 6 fəsildən, 30 maddədən ibarət olan yeni sənəd siyasi partiyaların gələcək fəaliyyətini yüksək səviyyədə tənzimləyəcək, qarşısında dayanan vəzifələri açıqlayır.

“Siyasi partiyalar haqqında” yeni Qanun hazırlanarkən daha bir mühüm addım atılaraq aidiyyəti bütün sferaların fikirləri öyrənildi. Belə ki,  Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi, yeni layihə ilə tanış olub təkliflər səsləndirildi. 47 siyasi partiya Milli Məclisə yazılı formada 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərdən keçirildi.  Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirildi. Rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənildi.

Qanunda vacib nüanslar var. Belə ki, seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək. Partiyaların yaradılması ilə bağlı nəzərdə tutulan üzv tələbi də ölkəmizin demokratik inkişafının göstəricisidir. Belə ki, partiyaların yaradılması üçün üzv sayı 10 mindən 5 min nəfərə endirildi. Ümumilikdə təkliflərin də yer aldığı Qanunda əksini tapan 30 maddənin hər biri Azərbaycanın demokratik, sivil, hüquqi dövlət olduğunu bir daha təsdiqləyir.

Yeni Qanunda  zamanın çağırışları tam əks olunub. Bir siyasi partiyanın bütün xalqın adından danışmaq haqqı yoxdur. Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Vətəndaşlarımız qarşısında siyasi partiyaların hesabatlılığı təmin edilmiş olacaq. Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda siyasi münasibətlər sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.