Xəbərlər
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir
Artıq 6 ildir tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlardan biri də tarixi sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, Böyük Qayıdış Proqramının uğurlu icrasına, eyni zamanda, şanlı Qələbəmizin əbədiləşdirilməsinə yönələn şəhər günlərinin təsis edilməsidir. Şəhər günləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun hər anını tariximizə qızıl hərflərlə Zəfər salnaməsi kimi yazdığı 44 günlük Vətən müharibəsinin təqdimatı olmaqla yanaşı, eyni zamanda, azad torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına qayıdışlarının hesabatı, işğal dövrünün reallıqlarının təbliğidir. Cəbrayıl Şəhəri Günü yalnız şanlı Qələbəmizdən sonrakı deyil, işğal dövrünün gerçəkliklərinin təhlilini də bir tələb kimi qarşıya qoyur. İşğal ərəfəsində Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, rayon azad olunandan sonra o vaxt işğal altında olan digər ərazilərə uğurlu əks-hücumumuz mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarəti altına keçdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan təmizləndikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdu. Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı Qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə başlanan Zəfər yürüşü Qarabağın tacı Şuşada qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın ucaldılması ilə başa çatdı. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğalçılardan təmizləndi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, şanlı Qələbəmizin təqdimatına yönələn addımlardan biri də yeni medalların təsis edilməsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmiş Qarabağımız və Şərqi Zəngəzurumuz hazırda yenidən qurulur, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərə ilk səfərləri də məhz Füzuli və Cəbrayıl rayonlarına oldu. Bu səfəri 16 noyabr 2020-ci ildə reallaşdıran dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xudafərin körpüsünün işğaldan azad olunması xalqımızın maddi-mədəni irsinə sahib çıxmasının və qorunmasının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qədim abidə üzərində Azərbaycan Bayrağını dalğalandırması ölkəmizin ərazi bütövlüyünün, qüdrətli Azərbaycan dövlətinin qətiyyətinin və yenilməz iradəsinin nümayişi oldu. Dövlətimizin başçısının ötən dövr ərzində Cəbrayıl rayonuna 10-dan artıq səfərinin hər biri sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, hər hansı bir kəndin bərpadan sonra sakinlərinə qovuşması, Cəbrayıl şəhərinin Baş planının təqdimatı, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri və sair kimi qürurverici məqamlarla yaddaşlarda qalıb. Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə bir əminlik ifadə etmişdir ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu əminlik artıq real həyatda öz əksini tapmaqdadır. Tarixi Zəfərimizdən qısa müddət, cəmi 6 il keçməsinə baxmayaraq görülən işlərin miqyası ölçüyəgəlməzdir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Cəbrayıl rayonunun timsalında isə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2749 nəfər olmaqla cəmi 1600 ailə, 7022 nəfər məskunlaşıb. Onu da qeyd edək ki, Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsfiqlənib. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır.
Millət vəkili diqqətə çatdırıb ki, görülən işlərin xronologoyasından da göründüyü kimi, Cəbrayıl şəhəri bu gün sözün əsl mənasında şəhərsalmanın müasir təcrübəsini özündə əks etdirir. Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sesiyasına ev sahibliyini şərtləndirən amillərdən biri də dünyanı heyrətləndirən dirçəliş modelimiz oldu. Hər bir yenilik bərpa-quruculuq işlərində nəzərdə tutulur. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Vüqar Rəhimzadə diqqəti bir daha dövlətimizin başçısı İlham Əliyevin bu ilin may ayında Cəbrayıl rayonuna səfəri zamanı Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə səsləndirdiyi “Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq” çağırışına yönəldərək bildirib ki, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.
