YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın fəaliyyəti regionun təhlükəsizliyi üçün böyük önəm daşıyır

Nigar Məmmədova

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin keçdiyi tarixi mərhələnin siyasi nəticələrinin dəyərləndirilməsi baxımından da diqqət çəkir. Qurultayda Prezident İlham Əliyevin çıxışı partiyanın ötən dövr ərzindəki fəaliyyətinə və qarşıdakı mərhələnin siyasi prioritetlərinə dair mühüm mesajlarla yadda qaldı.

Dövlət başçımız qurultayın yalnız partiyadaxili tədbir olmadığını vurğulayaraq YAP-ın fəaliyyətinin Azərbaycanla yanaşı, region üçün də əhəmiyyət daşıdığını bildirdi.

Məlum olduğu kimi, YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir və 30 ildən artıqdır ki, ölkədə hakim siyasi qüvvə kimi fəaliyyət göstərir. Bu fakt partiyanın siyasi tarixinin miqyasını və dövlət idarəçiliyindəki rolunu xarakterizə edir.

Dövlət başçımız da çıxışında VIII Qurultayın əvvəlki qurultaylardan fərqli tarixi-siyasi şəraitdə keçirilməsinə diqqət çəkdi. 

Qeyd etməliyik ki, VII Qurultaydan sonra YAP-ın daha çevik və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə partiyanın hüquqi və təşkilati bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni Proqram qəbul edilib, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilatların fəaliyyəti ilə bağlı əsasnamələr hazırlanıb. Təftiş Komissiyasının reqlamenti, üzvlük haqları, mühasibat uçotu və maliyyə hesabatlarının təqdim olunması ilə bağlı qaydalar da müəyyənləşdirilib.

Bu proses partiyanın idarəetmə mexanizmlərinin daha sistemli əsaslar üzərində qurulmasına xidmət edib.

Hesabat dövründə 392 yeni ərazi partiya təşkilatının yaradılması da təşkilati şəbəkənin genişləndirilməsinin göstəricilərindən biridir. Təsadüfi deyil ki, 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, 769 811 nəfər partiya üzvü uçota alınıb. Onların 43 379 nəfəriu 18–29 yaşlı gənclərdir. Digər mühüm göstərici yeni üzvlərin qəbuludur. Bu rəqəmlər partiyanın üzvlük bazasında gənclərin əhəmiyyətli yer tutduğunu göstərir.

YAP-ın VIII Qurultaya qədərki fəaliyyətində beynəlxalq siyasi əlaqələrin genişləndirilməsi də mühüm yer tutub. Hesabat dövründə 10 xarici siyasi partiya, o cümlədən partiyaların gənclər təşkilatları ilə əməkdaşlıq sazişləri imzalanıb.

Bundan əlavə, YAP-ın ev sahibliyi və tərəfdaş siyasi partiyaların iştirakı ilə 11 beynəlxalq konfrans keçirilib.

2 oktyabr 2026-cı ildə ilk dəfə YAP qurultayı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirildi. Bu, qurultayın siyasi mahiyyətini müəyyən edən əsas amillərdən biridir.

2021-ci ildə keçirilmiş VII Qurultay isə 44 günlük Vətən müharibəsindəki Zəfərdən cəmi bir neçə ay sonra baş tutmuşdu. Həmin vaxt Azərbaycanın qarşısında əsas məsələlərdən biri əldə olunmuş hərbi-siyasi nəticələrin möhkəmləndirilməsi və yeni regional reallıqların formalaşdırılması idi. Cənab Prezident VIII Qurultayda həmin dövrlə bugünkü mərhələ arasındakı fərqə diqqət çəkərək bildirdi ki, “artıq söhbət yalnız Zəfərdən deyil, ərazi bütövlüyü və suverenliyin tam bərpasından sonrakı mərhələdən gedir. “

Bu baxımdan VIII Qurultayı Zəfərdən sonra yeni siyasi mərhələnin qurultayı kimi xarakterizə etmək lazımdır. Çünki 2020-ci ildən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin və idarəçiliyinin tam bərpası idisə, bugünkü mərhələdə gündəlik daha geniş məsələləri əhatə edir. Belə ki, dövlət institutlarının gücləndirilməsi, iqtisadi inkişaf, təhlükəsizlik, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və regional proseslərdə Azərbaycanın rolunun artırılması əsas prioritetlər sırasınsadır.

Cənab Prezidentin çıxışında Azərbaycanın Zəfərə aparan və Zəfərdən sonrakı dövrdə üzləşdiyi siyasi təzyiqlərə xüsusi diqqət çəkildi. Dövlət başçısı bu illər ərzində Azərbaycana qarşı “yalan, iftira ilə dolu kampaniyalar” aparıldığını və bəzi ölkələrdə Azərbaycana qarşı sanksiyaların tətbiqinin müzakirə edildiyini bildirdi.

Bu, milli maraqların xarici təzyiqlər qarşısında qorunmasını ön plana çıxarır. Cənab Prezidentin çıxışında həmçinin  Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərinin dəyişmədiyi vurğulandı. Beləliklə, YAP-ın fəaliyyəti fonunda söyləyə bilərik ki, zaman və geosiyasi şərait dəyişə bilər, lakin dövlətçilik və müstəqillik kimi fundamental prinsiplər siyasi kursun əsasını təşkil edir.

VIII Qurultayın keçirildiyi mərhələ Azərbaycanın siyasi tarixində yeni reallıqlarla səciyyələnir. Ərazi bütövlüyü və suverenliyin bərpası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin doğma torpaqlarına qayıdışı, iqtisadi reinteqrasiya və regionun yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Bu mənada cənab Prezidentin qurultayda səsləndirdiyi fikirlər YAP-ın qarşısında duran vəzifələrin də əvvəlki dövrlə müqayisədə dəyişdiyini göstərir. Partiyanın siyasi fəaliyyəti Azərbaycanın regional və qlobal mövqelərinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın artırılması və milli təhlükəsizliyin təmin edilməsi kimi məsələlərlə daha sıx əlaqələndirilir.

Bir sözlə, VIII qurultay YAP-ın son üç onillikdəki siyasi fəaliyyətinə verilən qiymətin, həm də qarşıdakı dövrün siyasi gündəliyinin əsas istiqamətlərini göstərdi.

DİGƏR Xəbərlər Arxiv