Xəbərlər
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
Vahid Novruzov
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
YAP Veteranlar Şurasının üzvü, İqtisad elmləri doktoru, professor
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev iqtisadi müstəqilliyin qorunmasını və gücləndirilməsini dövlətimizin qarşısında duran strateji vəzifələrdən biri kimi dəyərləndirməklə yanaşı, bunun YAP-ın mühüm missiyalarından biri olduğunu da bəyan etmişdir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində siyasi müstəqilliklə iqtisadi müstəqillik bir-birindən ayrılmaz anlayışlar olmuşdur. Məhz buna görə də Heydər Əliyevin müstəqillik konsepsiyasında əsas amillərdən biri, bəlkə də ən başlıcası, ölkənin möhkəm iqtisadi dayaqlarının yaradılması, milli iqtisadiyyatın xalqımızın maraqları əsas götürülməklə dünya iqtisadi sisteminə inteqrasiyası və siyasi qərarların müstəqil şəkildə qəbul edilməsi üçün zəruri iqtisadi imkanların təmin olunması idi.
Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” və “Azərbaycanın iqtisadi müstəqilliyi onun dövlət müstəqilliyinin əsas təminatıdır” kimi müstəqillik tariximizin sınaqlarından keçmiş fikirləri yeni dövrün çağırışları kontekstində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən Qurultayda qarşıda duran ən aktual vəzifələrdən biri kimi bir daha diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev öz nitqində iqtisadi müstəqilliyi ölkəmizin gələcək inkişafının mühüm dayaqlarından biri kimi dəyərləndirmişdir.
Dünya təcrübəsi də göstərir ki, siyasi müstəqilliyin və milli təhlükəsizliyin təməlində güclü, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat dayanır. Başqa sözlə, güclü iqtisadiyyat güclü dövlət və dayanıqlı gələcək deməkdir. Ölkə başçımızın YAP-ın Qurultayındakı nitqinin iqtisadi xəttini təhlil etdikdə aşağıdakı əsas istiqamətlərin önə çıxdığını görürük:
İqtisadi müstəqillik;
İnvestisiya cəlbediciliyinin artırılması;
Maliyyə sabitliyinin təmin edilməsi;
Enerji potensialından səmərəli istifadə;
Nəqliyyat imkanlarının genişləndirilməsi və səmərəli istifadəsi;
Qeyri-neft sektorunun inkişafı;
Əhalinin rifahının yüksəldilməsi.
Möhtərəm Prezidentimizin nitqində diqqət çəkən məqamlardan biri iqtisadi müstəqilliklə vətəndaş həmrəyliyi arasında sıx və qarşılıqlı əlaqənin mövcudluğu ilə bağlı irəli sürülən dəyərli fikirlərdir. Bu əlaqə belə bir məntiqi ardıcıllıqda özünü göstərir: güclü iqtisadiyyat vətəndaş həmrəyliyini, həmrəy cəmiyyət isə iqtisadi inkişafın və müstəqil iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirir. Eyni zamanda, vətəndaş həmrəyliyi milli məqsədlər ətrafında birliyi möhkəmləndirir, əlverişli investisiya mühitinin formalaşmasına, sahibkarlığın və məhsuldarlığın inkişafına dəstək verir. Başqa sözlə, iqtisadi müstəqillik dövlətin gücünü, vətəndaş həmrəyliyi isə həmin gücün ictimai dayağını formalaşdırır. Bu iki amilin vəhdəti milli dayanıqlılığın və güclü dövlətin əsas şərtlərindən biridir.
Prezidentimizin nitqində belə bir mühüm məqam da öz əksini tapmışdır ki, bu gün biz yalnız əldə etdiyimiz uğurlardan danışmaqla kifayətlənməməli, daha çox gələcəyin Azərbaycanı haqqında düşünməliyik. Gələcəyin Azərbaycanı iqtisadi cəhətdən güclü, siyasi baxımdan müstəqil olmalı, vətəndaş öz dövlətinə güvənməli, gənclər gələcəklərini öz ölkələrində görməli, sahibkar özünü ölkənin inkişafında tərəfdaş kimi hiss etməli, hər bir vətəndaş əməyinin nəticəsini öz həyatında görməli, bütün vətəndaşları birləşdirən Azərbaycançılıq ideyası isə daha da möhkəmlənməlidir.
Bu məqsədlərə nail olmaq üçün YAP üzvlərinin qarşısında mühüm siyasi məsuliyyət dayanır. İqtisadi inkişafda YAP-ın rolundan danışarkən uğurlu iqtisadi siyasətin mahiyyətinin cəmiyyətə çatdırılması və təşviqi, qəbul edilən qanun və qərarların məqsəd və məzmununun əhaliyə düzgün izah edilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözləri ilə desək: “...Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın... Kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, YAP üzvləri”.
Partiyamızın rəhbərinin bu fikirlərini əsas götürərək YAP üzvləri və yerli təşkilatları iqtisadi fəallığın təşviqi, innovasiya, rəqəmsal iqtisadiyyat və yeni iqtisadi təşəbbüslərlə bağlı maarifləndirmə işini sistemli şəkildə həyata keçirməlidirlər. Qarşıda duran əsas vəzifələrdən biri də gənclərin iqtisadi proseslərə daha fəal cəlb olunması, onların təşəbbüskarlığının dəstəklənməsi və cəmiyyətlə dövlət arasında fəal əlaqənin daha da gücləndirilməsidir.
Prezident İlham Əliyevin nitqində müasir dövr və gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir fikir də qeyd olunmalıdır ki, “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. İdeoloji təxribat mərkəzlərinin fəaliyyətlərini kəskin tənqid edən natiq qeyd edir ki, “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”. Prezident İlham Əliyev təkcə reallığı nəzərə çarpdırmır, o, həm də göstərir ki, “İdeoloji işimiz, o cümlədən Partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallığı, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirələrdə olsun”.
Deyilənləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, YAP-ın qarşısında dayanan dövlətçilik missiyası yalnız əldə olunmuş nailiyyətlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın gələcək inkişafının möhkəm və dayanıqlı əsaslar üzərində qurulmasına öz töhfəsini verməkdən ibarətdir. Bu baxımdan, dövlətin iqtisadi siyasətinin cəmiyyətə düzgün çatdırılması, gənclərin və sahibkarların inkişaf proseslərinə fəal cəlb olunması, qarşıya qoyulan strateji vəzifələrin təşviqi ilə yanaşı, ədalətli rəqabət mühitinin formalaşdırılması, investisiya cəlbediciliyinin artırılması, şəffaflığın yüksəldilməsi, innovasiya və sahibkarlığın dəstəklənməsi, eləcə də müasir rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması, milli maraqların və Azərbaycan həqiqətlərinin informasiya məkanında düzgün və ardıcıl şəkildə təqdim edilməsi də YAP-ın dövlətçilik missiyasının mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılmalıdır.
Güclü iqtisadiyyat, həmrəy cəmiyyət və qüdrətli dövlət prinsiplərinin vəhdəti Azərbaycanın müstəqilliyinin və dayanıqlı inkişafının möhkəmləndirilməsinə xidmət edən əsas amillərdəndir. Bu istiqamətdə YAP üzvlərinin üzərinə düşən vəzifə dövlət siyasətinin mahiyyətini cəmiyyətə düzgün çatdırmaq, milli həmrəyliyin daha da möhkəmləndirilməsinə, gənclərin və fəal vətəndaşların ölkənin inkişaf proseslərinə cəlb olunmasına və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir. Beləliklə, YAP-ın dövlətçilik missiyası bu günün nailiyyətlərini qorumaqla yanaşı, gələcək nəsillər üçün daha güclü, dayanıqlı və inkişaf etmiş Azərbaycanın formalaşdırılmasına xidmət edən ardıcıl və məsuliyyətli fəaliyyətlə tamamlanır.
