YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin diplomatik gedişləri bugünkü qüdrətli Azərbaycanı formalaşdıran əsas şərtdir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatik gedişləri, yüksək idarəçilik bacarığı bugünkü qüdrətli Azərbaycanı formalaşdıran əsas şərtdir. Prezident və Ali Baş Komandan kimi xalq sevgisinin mükəmməl nümunəsini göstərən İlham Əliyev bütün nəticələr və gələcək hədəflərlə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmaqla da liderlik örnəyi sərgiləyir.

Dövlət başçımızın istər xarici jurnalistlərə, istər yerli mediaya, istərsə də dünyanın beyin mərkəzlərinin mütəxəssislərinə verdiyi müsahibələrində Azərbaycan dövlətinin region ölkələri ilə yanaşı, dünya dövlətlərinin də tərəqqisi və inkişafına xidmət edən siyasət yürütdüyünü bəyan edir.

Məlum olduğu kimi, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçımızın ötən ilin yekunlarına və cari ilin planları ilə bağlı yerli televiziya kanallarına müsahibəsi də ictimaiyyət tərəfindən maraqla izlənildi. Müsahibə əsnasında ölkəmizin iqtisadi gücündən ətraflı şəkildə bəhs edən dövlətimizin başçısı konkret rəqəmlərlə görülən və nəzərdə tutulan digər layihələr haqqında geniş hesabat verdi. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub Dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını qeyd edən ölkə başçımız vurğuladı ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər, şübhəsiz bu, böyük rəqəmdir və Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edər. Məhz bütün bunların fonunda Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.

Prezident İlham Əliyev aparılan siyasətin mərkəzində insan amilinin dayandığını xüsusi qeyd edərək bildirdi ki, vətəndaş məmnunluğunun artırılması, yeni iş yerlərinin yaradılması prioritet məsələlərdəndir. Ölkə rəhbərinin vurğuladığı kimi, ölkədə 60 min ailənin özünüməşğulluq proqramına cəlb olunması, əhalinin sosial rifahının daim diqqətdə saxlanılması bu istiqamətdə atılan mütərəqqi addımlardandır. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir və dövlət bunları fəaliyyəti ilə təsdiqləyir.

Bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı ifadə etmək imkanı verib. Və əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur. Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu. Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır.

Ölkəmizin xarici siyasətindən danışan dövlətimizin başçısının müsahibəsi önəmli məqamlarla yadda qalmaqla yanaşı, həm də anti-Azərbaycan dairələrə ciddi xəbərdarlıq mesajı idi. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi dostlarımızı sevindirdiyi kimi bizə düşmən kəsilən ölkələri də məyus edib. Dünyanın qəbul etdiyi Azərbaycan reallığı Fransa və digər ermənipərəst qüvvələrdə qıcıq yaradır. Ölkə rəhbərinin bildirdiyi kimi, geriyə baxdıqda bir daha əmin oluruq ki, keçmiş Minsk qrupu, Fransa hər vəchlə münaqişənin ədalətli şəkildə həllini tapmasına maneəçilik törədirdi. Lakin göstərilən bütün təzyiqlərə baxmayaraq Azərbaycan bu işğalla barışmadı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və qəhrəman Ordumuzun şücaəti sayəsində onların bütün planları alt-üst olundu və bu qüdrətin qarşısında onlar Ermənistanı xilas edə bilmədilər.

Həmçinin vizual müşahidə bizə imkanlar yaradır ki, istənilən təhlükəni əvvəlcədən görək və yerindəcə qarşısını alaq. Üç dəfə bu tipli ardıcıl şəkildə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan başa düşəcək ki, sülh müqaviləsini imzalamaq qaçılmazdır. Və sözsüz ki, baş verən hər hansı bir təxribatlara qarşı isə cavabımız həmişəki kimi sarsıdıcı olacaqdır.

Keçmiş köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaları barəsində xüsusi və əhatəli şəkildə bəhs edən dövlət başçımız bu istiqamətdə əsaslı işlər görüldüyünü diqqətə çatdırdı. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar əsaslı şəkildə bərpa edilir. Bununla yanaşı paralel olaraq bir çox kəndlərdə artıq inşaat işlərinə start verilmişdir. Prezident, həmçinin onu da bildirdi ki, təqribən birinci mərhələdə 100-ə yaxın yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur, eyni zamanda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb və bir neçə kəndin təməli qoyulmuşdur. Bu isə bir daha deməyə əsas verir ki, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri kimi tarixə qovuşacaqdır.

Beləliklə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibəsi ölkə həyatı, dövlətin perspektivi istiqamətində mühüm mesajları ilə yadda qaldı. Bu mesajlar aparılan mükəmməl, düşünülmüş siyasi kursun yüksək göstəricisi ilə yanaşı, gələcəyə yönəlik müsbət impulsları da cəmiyyətə ötürdü.