YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin saxtalaşdırılması düşmənin ikrahdoğuran ən bağışlanmaz yoludur

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. Ümummilli Lider tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə çatdırılmasını qarşıya əsas vəzifə kimi qoymuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olmasında  da əsas məqsəd  elmi ictimaiyyətin qarşısında dayanan vəzifələrin müzakirəsi və onlara nail olmağın yollarının göstərməsi idi. Həmin görüşdə bir daha bəyan edildi ki, tarixin saxtaşdarılmasına yol verilməməlidir. Çoxəsrlik tariximizi özündə əks etdirən kitablar çap olunmalı, müxtəlif dillərə tərcüm edilməli, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizə bağlılığı, qorunması və gələcək nəsillərə çatdırılması  çağırışı atdığı addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş yığıncaqda bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.” Bir mühüm məqamı da qeyd edək ki, cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkəmizin zəngin tarixinin öyrənilməsində, həm indiki və gələcək nəsillərə, həm də dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü dedi.

Dövlət başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələrini vərəqləyərək Azərbaycan xalqının ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı siyasətinə məruz qaldığını  bildirdi, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan etdi. Bu mühüm hadisəyə diqqət yönəldildi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Ona görə buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq: “Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.”

Qarşıya qoyulan əsas hədəflərdən biri də tarixi həqiqətlərlə bağlı kitabların  yenilənməsidir. Həmin kitablar bütün dillərə tərcümə edilməlidir. Təbii ki, bu, təbliğat işinin miqyasının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar sırasında ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsi oldu. Dost ölkələrin alimlərinin, arxeoloqlarının, tarixçilərinin bu konfranslara dəvət edilməsi vacib amil kimi diqqətə çatdırıldı. Görülən və görüləcək işlərə söykənərək bir daha bu əminlik ifadə edildi ki, biz Qərbi Azərbaycana qayıdacağıq.