YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışa dair I Dövlət Proqramı kompleks tədbirlərin görülməsini özündə ehtiva edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkə başçısının 16 noyabr 2022-ci il tarixdə imzaladığı Sərəncama əsasən  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Strateji hədəf, məqsəd və vəzifələri özündə cəmləşdirən Dövlət Proqramı 2026-cı ilədək həyata keçiriləcəkdir. Proqrama əsasən ilkin olaraq infrastruktur yenidən qurularkən ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması əsas hədəf kimi nəzərdə tutulur. Paralel qaydada şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi, nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik kimi infrastrukturun yenidən qurulması, bir sözlə, hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi planlaşdırılır. 

Bütün bunlardan əlavə, məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi əsas istiqamətlərdəndir.  Bu da əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasına xidmət edəcəkdir.

Məlum olduğu kimi Qarabağ və Şərqi Zəngəzurun geniş nəqliyyat-tranzit potensialı vardır. Bu sahədə qurulacaq müasir infrastruktur isə əlavə imkanlar yaradacaq, ərazilərin inkişafı və reinteqrasiyası üçün əsas rolunu oynayacaqdır. Odur ki, işğaldan azad edilmiş ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialı xüsusilə nəzərə alınacaqdır. Bir tranzit imkanları deyil, bölgənin bütün imkanları nəzərə alınacaq ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanma təmin edilsin. Burada əsas hədəf isə bu ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonlarının iqtisadi ixtisaslaşdırılmasının aparılması Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək kompleks işlərin əsas tərkib hissələrindən biri də bu ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqidir.