YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi mina təhdidi barədə məlumatlandırılıb

Dekabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş əsnasında Azərbaycan ilə BMT, eləcə də onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov BMT-nin fəal üzvü olan ölkəmizin təşkilatın qlobal inkişaf təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina təhdidi barədə məlumat verilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bu il Azərbaycanla BMT arasında əlaqələrin 30 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirləri məmnunluqla xatırlayıb. “Dayanıqlı İnkişaf Məqsədləri-2030” gündəliyinin icrası ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.