YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi doğum günündə anılıb

Zəngilan rayonu Məmmədbəyli kənd sakini Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun doğum günü qeyd olunub.

Tədbirdə şəhidin ailə üzvləri, Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Kənan İmaməliyev, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının İctimai Birliyi”nin sədri Cavid Həmzəyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin 2-ci Fəxri xiyabanda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin adını daşıyan Zəngilan rayonu 1 saylı tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunan anım tədbiri baş tutub.

Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətənin qəhrəman övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini bildiriblər.

Şəhidin atası Əbdül Noçuyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid kapitan Surxay Noçuyev 1988-ci il dekabr ayının 19-da Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. Aprel döyüşlərinin də iştirakçısı olan Surxay Noçuyev 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.