YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çanaqqalada Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Çanaqqala valisi İlhami Aktaş, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmayıl Kaşdemir, vilayətin digər rəsmi şəxsləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Rəşad Məmmədov açılış çıxışında Çanaqqalanın müqəddəs bir yer olduğunu, 107 il əvvəl azərbaycanlıların bu torpaqlarda öz qardaşları ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olduqlarını bildirib. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən inşa olunacaq bu abidə qəhrəman Azərbaycan övladlarının xatirəsini uğrunda can verdikləri torpaqlarda əbədiləşdirəcək.

ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir çıxışında dərin məna daşıyan bu abidənin təməlinin atılmasının tarixi əhəmiyyət daşıdığını qeyd edib, abidənin Azərbaycan-Türkiyə birliyinin önəmli simvollarından biri olacağını vurğulayıb.

Bildirilib ki, Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 kvadratmetr ərazini əhatə edir.

Çıxışların ardınca günün xatirəsinə hazırlanmış məktub səfir Rəşad Məmmədov, Çanaqqala valisi İlhami Aktaş və ÇDGTBBİ rəisi İsmayıl Kaşdemir tərəfindən imzalanıb və abidənin təməlinə yerləşdirilib.

Mərasim abidənin təməlinin atılması ilə başa çatıb.

Qeyd edək ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompleksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş vermişdi.

Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltaraşlar tərəfindən hazırlanıb.

Heykəltaraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanacaq və milli ornamentlərin əks olunacağı 1800x1900 millimetr ölçülü bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir ediləcək. Barelyef 3 metr yüksəklikdəki postament üzərinə yerləşdiriləcək və abidə onu tamamlayacaq sütunla birlikdə ümumilikdə 13 metr hündürlükdə olacaq.