YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir

“Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günüdür. Tarixdə şəxsiyyətlərin rolu daim önə çəkilir və yüksək dəyərləndirilir. Bu baxımdan xalqımızın Ümummilli Liderinin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, qəbul etdiyi qərarlar, yaratdığı möhkəm təməl daim geniş təhlil edilir və əminliklə vurğulanır ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Belə ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.  Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanı necə görmək istədiyini açıqlamaqla yanaşı, arzusunu reallaşdırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev  hakimiyyətə qayıdışının ilk günündən belə bir inamı da ifadə etmişdi ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq". Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadənin sözlərinə görə, ölkəmizdə yaradılan sabitlik, normal biznes mühiti iqtisadi tərəqqiyə geniş yol açdı: “Azərbaycanın müəllifi olduğu enerji layihələri həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafını təmin edir. Dahi şəxsiyyət Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində də öz sözünü deyir. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.”

Millət vəkili onu da əlavə edib ki, ölkəmizdə demokratikləşmə prosesi də uğurla həyata keçirilir: “Ümummilli Lider bildirirdi ki, demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, demokratik təsisatların inkişafı prioritet məsələ kimi öndə dayanıb. Azərbaycanın demokratiya təcrübəsi təqdir edilir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasına üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin sözdə deyil, əməldə təsdiqinin göstəricisidir. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Xalq atılan hər addımda özünə diqqətin şahidinə çevrilir. İqtisadi tərəqqinin fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rahat yaşayışının təmin edilməsi istiqamətində atılan addımlar da deyilənlərə bariz nümunədir.”

Əliabbas Salahzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan həqiqətlərinin, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına, erməni yalanlarının ifşasına səy göstərdi və uğurlu siyasəti nəticəsində nail oldu: “Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqaməti Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməyə başladı.”

Millət vəkili Heydər Əliyev yolunun uğurlarından geniş bəhs edərək qeyd edib ki, Ümummilli Liderin 2003-cü ildə Azərbaycanın gələcəyi ilə bağlı növbəti inamın ünvanını göstərməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı: “Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açır. Tarixi Zəfərimizin fonunda sabaha daha böyük inamla addımlayır və əminliklə qeyd edirik ki, birliyimiz, həmrəyliyimiz, Prezident İlham Əliyevin hər bir təşəbbüsünün, qərarlarının dəstəklənməsi sayəsində Azərbaycanın 2030-cu ilədək dövrü əhatə edən sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər reallığa çevriləcək, daha möhtəşəm uğurlara imza atacaq.”