YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin tarixi missiyası

Tofiq Cahangirov 

YAP İdarə Heyətinin üzvü, professor

Liderlər mənsub olduqları ölkənin və xalqın tarixində dönüş yaradan, onu irəliyə aparan şəxsiyyətlərdir. Bu mənada ötən əsrdə sözün həqiqi mənasında xalqımızı SSRİ-nin ayrı-seçkiliyi və basqılarından qoruyan, 90-cı illərdə əldə olunan kövrək müstəqilliyi qoruyub-saxlayan və daha da möhkəmləndirən, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən və iqtisadi yüksəliş yoluna çıxaran lider Ulu Öndər Heydər Əliyevdir. Müasir Azərbaycanın inkişafında, onun regionda və dünyada nüfuz sahibinə çevrilməsində dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ölkədə ictimai-siyasi sabitliyin qorunması və mövcud iqtisadi inkişafın, eləcə də 30 ilə yaxın davam edən işğaldan sonra torpaqlarımızın düşmən tapdağından azad edilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

Adətən, tarixçilər Ulu Öndərin Azərbaycana rəhbərliyini iki dövrə ayırırlar: sovet dövrü və müstəqillik illəri. Ulu Öndərin vəfatından sonra tarixçilər, politoloqlar, jurnalistlər tərəfindən hər iki dövr geniş tədqiq edilib və edilməkdədir. Bu tədqiqat və təhlillərin təsdiqlədiyi əsas həqiqət isə ondan ibarətdir ki, Ümummili Liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmiz siyasi, iqtisadi, hərbi və mədəni sahədə çox böyük uğurlara imza atıb. 

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə, eləcə də Moskvada çalışdığı illərdə onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlər nəticəsində ölkəmiz SSRİ miqyasında öncül respublikalardan birinə çevrilmişdi. O vaxta qədər SSRİ rəhbərliyi Azərbaycana yalnız xammal mənbəyi kimi baxırdı. Böyük istehsal müəssisələri, fabriklər, zavodlar daha çox digər respublikalarda - Rusiyada, Belorusiyada, Ukraynada, Pribaltika respublikaları və Ukraynada açılırdı, bu ölkələrin iqtisadiyyat, təhsil, səhiyyələrinə və digər sahələrə böyük investisiyalar qoyulurdu. Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələnə qədər Azərbaycan ən geridə qalmış respublikalardan biri kimi tanınırdı. Lakin ötən əsrin 70-ci illərindən başlayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən tədbirlər nəticəsində tezliklə Azərbaycanda əksər sahələrdə tərəqqi və inkişaf müşahidə olunmağa başladı. Yeni fabrik və zavodlar, səhiyyə və təhsil ocaqları, hərbi məktəblər açıldı. Sosial-iqtisadi sahədə müsbət göstəricilərlə yanaşı, eyni zamanda siyasi-ideoloji müstəvidə də böyük uğurlar qeydə alınmağa başladı. Məhz bu siyasətin nəticəsi kimi 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Məhz bu dəyişiklikdən sonra "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı ki, bu da ana dilimizin qorunması, xalqımızın assimlyasıyaya uğramasının qarşısını almaq istiqamətində olduqca mühüm addım idi. Ulu Öndər həmin illərdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan musiqisinin, mədəniyyət və incəsənətin digər sahələrinin - opera, teatr, kino, memarlıq, rəssamlıq və s. inkişafı istiqamətində mühüm işlər gördü. Bütövlükdə, 1969-cu ildən başlayan bu yüksəliş Azərbaycanın gələcək inkişafında təməl rolunu oynadı.

Uzaqgörən lider, böyük dövlət xadimi Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövr də dövlətçilik tariximizdə ayrıca bir mərhələni təşkil edir. SSRİ-nin süqut etdiyi 90-ci illərin əvvəllərində Azərbaycan çox ağır sınaqlarla üzləşmişdi. Yenicə müstəqillik əldə edən ölkəmizdə siyasi sabitlik yox idi. İqtisadi vəziyyət olduqca ağırlaşmışdı. İmreriyanın sütunlarının laxladığını görən ermənilərin separatçılıq meylləri güclənmişdi. 1992-ci ildə artıq Şuşa, Xocalı, Laçın rayonları işğal altına düşmüşdü və ermənilərin digər ərazilərimizi ələ keçirmək uğrunda hücumları davam edirdi. Müstəqillik dalğasında hakimiyyətə gələn AXC-Müsavat tandemi isə ölkəni fəlakətə sürükləyirdi. Separatçılıq meylləri artıq digər bölgələrə yayılırdı və Azərbaycanın parçalanmaq təhlükəsi get-gedə daha da artırdı. Ölkədə əsl hərc-mərclik və xaos hökm sürür, silahlı dəstələr at oynadırdılar. Məhz belə ağır bir dövrdə 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər.  Ümummilli Lider Heydər Əliyev 24 oktyabr 1992-ci ildə ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması o zaman ölkədə vəziyyətin kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. 1993-cü ilin əvvəllərində Azərbaycanda gərginlik pik həddinə çatdı, iyunda isə qiyam baş verdi və o zaman ölkəyə rəhbərlik edən AXC-Müsavat hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Çünki Azərbaycan xalqı ölkəni mövcud vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin çıxara biləcəyinə inanırdı. Xalqın təkidli ilə 1993-cü il iyunun 9-da Ümummilli Lideri Heydər Əliyev Bakıya qayıtdı. Bununla da Ulu Öndərin ölkəni xaos, vətəndaş müharibəsi, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etmək istiqamətində tarixi missiyası başladı.  

1993-cü il iyunun 15-də Ali Sovetin Sədri, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində isə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkədə sabitliyə, milli həmrəyliyə nail oldu, Azərbaycanın iqtisadi-siyasi böhrandan qurtuluşu, ölkədə tərəqqiyə nail olunması istiqamətində mühüm islahatlar həyata keçirməyə başladı. 

1993-cü ilin oktyabr ayında Prezident kimi and içən Ulu Öndər andiçmə mərasimində çıxışı zamanı qarşıda çox böyük və məsuliyyətli bir vəzifənin dayandığını belə ufadə etmişdi: 

"Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik".

Ulu Öndər Heydər Əliyev təkcə güclü dövlət başçısı deyil, həm də sözünün çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı, insanları inandırmağı bacaran bir siyasi xadim idi. Onun gələcəyi görmək qabiliyyəti çox güclü idi. Ona görə də Ulu Öndər ölkəni üzləşdiyi çətinliklərdən qurtaracağına, iqtisadiyyatı dirçəldəcəyinə, güclü ordu quracağına və itirilmiş torpaqlarımızın geri qaytarılacağına inanırdı. Ona görə də Prezident seçildiyi ilk gündən bütün qüvvəsi ilə bu istiqamətdə çalışırdı. 

Doğrudan da yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev idarəetmə təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. Ölkədə mövcud olan hakimiyyət boşluğu aradan qaldırıldı, Azərbaycanın müxtəlif bölgələrində baş qaldırmış dağıdıcı ünsürlər xalqın fəal dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıtdı, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq ideyasının əsaslarını yaratdı. 

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ugurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, bir çox ölkələrlə ikitərəfli və çoxtərəfli quruldu. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü.

Əminliklə deyə bilərik ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi oldu. 

Ulu Öndərin əsasını qoyduğu siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir. Ötən 19 ildə Möhtərəm Prezidentimiz xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb. Azərbaycanda uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib, ölkəmizin müstəqilliyi daha da  möhkəmləndirilib. Prezident İlham Əliyevin son 19 ildə qazandığı çoxsaylı və mühüm uğurların zirvəsi isə şübhəsiz ki, 30 ilə yaxın davam edən işğala son qoyması, 44 günlük müharibədə qazanılan tarixi zəfərimiz, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu gün Prezident İlham Əliyev tarixi qələbəmizin rəsmiləşdirilməsi, regionda dayanıqlı sülhə nail olunması ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində də mühüm addımlar atır. 

Şübhəsiz ki, bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycanı 90-cı illərin ağır böhranından çıxaran Heydər Əliyevin həyata keçməyən bir sıra ideya və amallarını, vəsiyyətlərini Prezident İlham Əliyev uğurla, çox yüksək səviyyədə reallaşdırır. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yeni zirvələrə doğru inkişafını davam etdirir. 

Bu gün bütün Azərbaycan ömrünü xalqının xoşbəxtliyinə, azərbaycançılıq ideyasına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiram və minnətdarlıqla yad edir. Onun işiqlı xatirəsi, tarixi xidmətləri və ideyaları qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Allah Ulu Öndərimizə rəhmət eləsin!

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

DİGƏR Xəbərlər Arxiv