YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Zəfər paradı beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu

İki il əvvəl dekabrın 10-da paytaxtın Azadlıq Meydanında xalqımızın düşmən üzərindəki Qələbəsinin rəmzi təntənəsi olan Zəfər paradı keçirildi. Öz möhtəşəmliyi ilə qürurla tariximizin qızıl səhifəsinə yazılan bu əlamətdar gün dövlətçilik tariximizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki zəfər xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, haqq, ədalət uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Yaddaşlarda əbədi özünə yer edən Zəfər paradı 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı adı ilə Vətən müharibəsindəki Qələbəsinin bütün dünyaya təntənəli şəkildə nümayişi oldu.

Döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən paradda qalibiyyət yürüşü hər bir azərbaycanlının qəlbini qürurla doldurdu. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Pərvin Kərimzadə qeyd edib ki,  Azərbaycan Ordusunun qalibiyyət yürüşü Vətən müharibəsindəki zəfərimizin nümayişi, 30 il səbirsizliklə gözlədiyimiz qələbəmizin təntənəsi idi. O möhtəşəm mərasimdə hər zaman dövlətimizin siyasətində prioritetlik qazanmış ordu quruculuğu, ölkəmizin hərbi gücü aydın təcəssüm olundu. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Qurduğu istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika faşızm ideologiyasına köklənmiş işğalçı Ermənistanı xilas edə bilmədi. Azərbaycan Ordusunun hərbi qənimət kimi götürdüyü erməni tankları Bakının Azadlıq meydanında nümayiş etdirildi.

Zəfər paradı, qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə, onların havadarlarına mesaj idi.

Zəfər paradının ən diqqət çəkən və yadda qalan məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu. Hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsində də ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstək verdi. "Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, - deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqının yanında olan Türkiyə dövlətinin rəsmilərinin Zəfər paradında iştirakı, tribunada Müzəffər Ali Baş Komandan İlham Əliyevin və haqq savaşında Azərbaycanın yanında dayanan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə sevincini birlikdə paylaşması həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.

Zəfər paradında Azərbaycan ordusunun qalibiyyət yürüşü bir də onu göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordusudur. Bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, hərbi texnikanın, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatlarının paradda keçidi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi idi.

Qələbə Paradı  şəhidilərimizin, itkin düşən hərbi qulluqçularımızın, yüzlərlə qazimizin, Ermənistanın faşizm siyasətinin qurbanlarının qisasının alındığının sübutu kimi əbədi olaraq yaddaşlarımıza həkk olundu. “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” deyən Ali Baş Komandanımız, Qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqına Böyük Zəfəri bəxş etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Zəfər Paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını da çatdırdı.