YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı hərbi qüdrətimizin sarsılmazlıq nümunəsi idi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri 

Dövlət başçısı İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə paytaxtın Azadlıq meydanında keçirilən hərbi paraddakı çıxışında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır… Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Həmin gün gəldi. Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan xalqına Qələbənin sevincini yaşatdı. Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə 30 ilin işğalına son qoydu. Bu reallıq beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında torpaq, Vətən sevgimiz mühüm yer tutur.

Xalqımız 30 il Zəfər Paradını gözlədi. İkinci Qarabağ müharibəsindəki Qələbəmizin rəmzi olan, Azadlıq meydanında dalğalanan üçrəngli bayrağımız işğalçı Ermənistan üzərindəki hərbi-siyasi, diplomatik üstünlüyümüzü dünyaya nümayiş etdirdi. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında şücaət göstərən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin ən müqəddəs hərbi andı, hərbi qüdrətimizin sarsılmazlıq nümunəsi idi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu istiqamətində aparılan islahatları uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ölkəmizin müdafiə qüdrəti daha da artdı, ən əsası Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.  Dövlət büdcəmizdən ayırmalarda müdafiə xərcləri birinci yerdə dayanır. 30 illik işğal dövründə sülh danışıqlarının davam etdirilməsində maraqlı olan dövlətimiz müharibə variantını da istisna etmirdi. Bu çağırış daim səsləndirilirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrimizin döyüş təcrübəsi nəticəsində qazanılan Qələbə Azərbaycanı dünyada hərbi qüdrəti ilə seçilən dövlət kimi tanıtdı.

Zəfər paradı ilə yanaşı, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınan Hərbi Qənimətlər parkı da tarixi Zəfərimizin təqdimatında mühüm rol oynayır.  Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı.

Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Tarixi Zəfərimizin təqdimatında əhəmiyyətli rol oynayan hər bir addım xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu addımlar gələcəyə yönəlib. Belə ki, görülən işlər nəticəsində gələcək nəsillər tarixi Zəfərimiz barədə dolğun məlumata malik olacaq, bir daha belə məğrur, yenilməz xalqın nümayəndəsi olduqları üçün qürur duyacaqlar.