Xəbərlər
Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 25-də Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular.
Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.
Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində oldular.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxdılar.
Bildirildi ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir.
Sonda xatirə şəkli çəkdirildi.