YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. Çindən Avropaya gedən üç tranzit yolundan “Orta Dəhliz”in önəmi artmaqdadır. Buna səbəb Rusiya-Ukrayna müharibəsinin “Şimal Dəhlizi” tranzit xəttinə mane olması və İrana qoyulan embarqo, nüvə silahları danışıqlarının uğursuzluğu və Orta Şərqdə münaqişələrdən qaynaqlanaraq “Cənub Dəhlizi”nin əhəmiyyətinin azalmasıdır.

10 noyabrda imzalanmış üçtərəfli bəyanatda icra olunması nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Zəngəzur dəhlizinin açılması nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir.

“Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakı zamanı deyib.

Çin və Avropa arasında quru yükdaşımaları əsasən Rusiya vasitəsilə həyata keçirilirdi. Ona görə də yükdaşımalar ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqi alternativ yol kimi orta koridorun əhəmiyyətini daha da artıracaq. Bu isə bu dəhlizdə iştirak edən bütün ölkələrin, o cümlədən Azərbaycanın da tranzit ölkə kimi rolunu artıracaq. Bu həm də Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsi və tranzit gəlirlərinin artması deməkdir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı genişmiqyaslı bərpa işləri regionun bütün maraqlı tərəfləri üçün bir çox yeni imkanlar açacaq. Dövlət başçısının uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verir. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi də beynəlxalq statusu qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.