Xəbərlər
Elmar Məmmədyarov: Həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı üzrə dördüncü Riqa Sammitində çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov çıxışının əvvəlində səmimi qonaqpərvərliyə və Sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevin adından Latviya hökumətinə təşəkkür edib.
Nazir deyib ki, Şərq Tərəfdaşlığı üzrə ötən Vilnüs Sammiti tərəfdaşların Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən etmişdi. Bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb. Azərbaycanın Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətinin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır. Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmaqda davam etməsi regiondakı qeyri-stabilliyin əsas səbəbidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcək.
Regionda sülhün, stabilliyin, eləcə də mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdır. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz şəraitdə qayıda bilmək hüquqlarını həyata keçirməlidir.
“Biz gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərimizdə tələblərə uyğun yanaşmanı dəstəkləyirik. Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji Tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq Avropa İttifaqının komissarı Yohannes Hana və qurumun ali nümayəndəsi Federika Moqeriniyə təqdim edilib.
Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadır”, - deyə nazir diqqətə çatdırıb.