YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlik, sabitlik və tərəqqi: MDB-nin gələcək hədəfləri

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı yeni bir dövrün rəmzinə çevrildi.  Azərbaycan bu gün MDB ailəsində sadəcə bir üzv deyil, həm də mənəvi dəyərlərin, bərpa olunan mədəniyyətin və ədalətli siyasətin daşıyıcısır. Dövlətimizin başçısının fikirləri bu məqamda həm diplomatik jest, həm də milli qürurun ifadəsi idi: “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”. Laçın artıq təkcə bir şəhər deyil, işğaldan azad olunmuş torpaqların dirçəliş salnaməsidir. Bütün bir xalqın yenidən doğuluş simvoludur. Laçın bir vaxtlar qaranlığa bürünmüş, lakin bu gün müstəqilliyin işığında bərq vuran torpaqdır. Orada qurulan hər bina, bərpa olunan hər mədəni ocaq həm də dövlətçilik ideyasının canlı izidir.

Prezident İlham Əliyevin Düşənbədə söylədiyi kimi, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu cümlə Laçının taleyini, azadlığın bərpa etdiyi mənəvi qüdrəti bir ifadəyə sığdırır. MDB-nin mədəniyyət paytaxtı statusu Laçına verildisə, bu, artıq Azərbaycanın həm tarix, həm mədəniyyət, həm də gələcək baxımından bölgənin liderinə çevrildiyini göstərir. Bu liderliyin digər siması isə Gəncədir, Nizaminin şəhəri, mənəviyyatın və elmin paytaxtı. Burada keçirilən III MDB Oyunları bir idman yarışı olmaqdan çox, dostluğun, əməkdaşlığın və birliyin rəmzinə çevrildi. Prezident İlham Əliyev bu barədə deyirdi: “Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.” Gəncədə 13 ölkədən 1600-dən çox idmançı toplaşdı. Onların ayaq basdığı hər küçə, yarışdığı hər arena Azərbaycan qonaqpərvərliyinin, sabitliyinin və gücünün göstəricisi oldu.

Əslində, bu iki əlamətdar hadisə Azərbaycanın müasir diplomatiyasının bir təzahürüdür. Biri mədəniyyətlə, digəri idmanla regionda sülh, həmrəylik və qarşılıqlı hörmət körpüsü qurur. Azərbaycan bu gün MDB-nin mənəvi xəritəsində həm mərkəzdə, həm də zirvədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ölkə artıq yalnız iqtisadi deyil, həm də mənəvi güc mərkəzinə çevrilir. Laçında alovlanan mədəniyyət çırağı Gəncədəki idman meydanlarını işıqlandırır. Hər ikisi isə Vətən adlanan bir ideyanın - Azərbaycanın qalibiyyət ruhunun təcəssümüdür. Dövlətimizin başçısının Tacikistanla bağlı fikirləri regionda qarşılıqlı etimad və səmərəli əməkdaşlıq siyasətinin əsaslarını göstərir. Bu, Azərbaycanın balanslı diplomatiyasının, hər tərəf üçün faydalı əməkdaşlıq modelinin davamıdır. Ən mühüm məqam isə humanitar əməkdaşlıq və mədəni inteqrasiya xəttidir.

Dövlət başçısının Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı fikirlər Azərbaycanın mədəni diplomatiya fəlsəfəsinin rəsmi ifadəsidir. Bu, həm də beynəlxalq legitimliyin simvoludur. MDB ölkələri Laçının bərpasını təkcə Azərbaycan uğuru kimi deyil, regional sabitlik modeli kimi qəbul edirlər. Azərbaycan bu təşəbbüslə MDB məkanında “humanitar inteqrasiya”nın aparıcı mərkəzinə çevrilir. Digər strateji məqam - III MDB Oyunlarının Gəncədə keçirilməsi oldu. Belə tədbirlər MDB məkanında dostluğu, əməkdaşlığı möhkəmləndirir. MDB çərçivəsində bu hadisələr təkcə dostluq platforması deyil, həm də yeni siyasi enerji mənbəyidir. Azərbaycanın bu təşəbbüsləri birliyin gələcək inkişafı üçün nümunəvi model rolunu oynayır.