YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqmatik siyasət

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. Prezident İlham Əliyevin sammitdə iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş bir regionda çoxvektorlu və praqmatik diplomatiyasının davamlılığını nümayiş etdirdi.Tacikistan paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də bu il ölkəmizdə keçirilən III MDB Oyunları oldu. Dövlət başçımız Azərbaycanın yeni strateMi reallıqlarını, tam bərpa edilmiş suverenliyini, hərtərəfli quruculuq missiyasını MDB məkanına və bütün dünyaya təqdim edən möhtəşəm beynəlxalq tədbirə çevrildiyini bildirdi. İlham Əliyevin Oyunların yekunlarına dair səsləndirdiyi konseptual fikir belə tədbirlərin MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı gücləndirməsi, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmlənməsinə töhfə verməsi həmin çoxşaxəli idman bayramının əsl fəlsəfəsini və geosiyasi mahiyyətini dəqiq şəkildə müəyyən edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Oyunlar MDB məkanında çoxtərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdi. İdman siyasətin mürəkkəb labirintlərindən fərqli olaraq xalqları, xüsusilə gəncləri birləşdirən səmimi və effektiv vasitədir. Yarışlar zamanı MDB ölkələrindən və uzaq xaricdən minlərlə idmançının, məşqçinin və rəsmi nümayəndənin Azərbaycana səfəri onlar arasında canlı ünsiyyətin qurulması üçün əlverişli şərait yaratdı. Müxtəlif ölkələrdən olan nümayəndələr Azərbaycan, onun qonaqpərvər xalqı, zəngin mədəniyyəti və müasir inkişafı haqqında şəxsi təəssüratlar əldə etdilər. Dövlətimiz yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirməklə Birlik daxilində etibarlı, məsuliyyətli və inteqrasiya proseslərinə sadiq tərəfdaş olduğunu bir daha təsdiqlədi. Oyunların əhəmiyyəti, şübhəsiz ki, MDB hüdudlarını aşaraq qlobal miqyasda özünü göstərdi. Hər beynəlxalq tədbir ev sahibi ölkəyə dünyaya özünü təqdim etmək imkanı verir. MDB Oyunları Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmləndirilməsi üçün güclü vasitə rolunu oynadı. Dünyanın nüfuzlu media qurumları yarışları işıqlandırarkən istər-istəməz Azərbaycanın müasir reallıqlarını – sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişafı və multikultural mühiti də nümayiş etdirdilər. Yeddi fərqli şəhərdə, mürəkkəb logistika tələb edən yarışları qüsursuz şəkildə təşkil etmək Azərbaycan dövlətinin idarəetmə bacarığının və təşkilati qüdrətinin göstəricisi idi.MDB Oyunları Azərbaycanın müasir tarixində idmanla siyasətin, quruculuqla sülhün, milli qürurla beynəlxalq əməkdaşlığın vəhdət təşkil etdiyi parlaq səhifə kimi yadda qaldı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tədbir, sadəcə, medalların və rekordların müəyyən olunduğu yarışlar toplusu funksiyası daşımadı, daha dərin məna kəsb edən strateji əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycan regionda sülhün və tərəqqinin memarlığına ev sahibliyi etməyə qadir qüdrətli və məsuliyyətli dövlət olduğunu bir daha sübut etdi.

Düşənbədə Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon arasında keçirilən təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir mühüm həlqəsi kimi qiymətləndirilə bilər. Görüşdə iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.

Prezident İlham Əliyev MDB dövlət başçıları görüşündə iştirak edərək, regiondakı əməkdaşlığın inkişafı, təhlükəsizlik məsələləri və iqtisadi inteqrasiya ilə bağlı mövzuları müzakirə edib. Bu cür iclaslar, üzv ölkələrin birgə problemləri həll etməsi və gələcək strategiyaları müəyyən etməsi üçün əhəmiyyətli platformadır.