YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində dünyanın 36 ölkəsindən 242 şirkət iştirak edəcəkdir

Mayın 21-də “Marriot Abşeron” otelində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 20-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan - 2014) Sərgisi ilə bağlı mətbuat konfransı keçirilmişdir.

Aqrar sahənin inkişafından, islahatların uğurla aparılması üçün yaradılan hüquqi bazadan danışan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sərginin əsas məqsədinin biznes üçün tərəfdaşlar tapmaq, mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək və yeni məhsul növlərini tanıtmaq olduğunu demişdir. Bildirilmişdir ki, WorldFood Azerbaijan sərgisi 20 ildir qida sənayesinin peşəkarları, eləcə də ərzaq məhsulları, içkilər və istehlak mallarını istehsal, ixrac və idxal edən şirkətlər üçün ideal iş meydançası kimi fəaliyyət göstərir.

Tədbirdə vurğulanmışdır ki, mayın 22-24-də Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi öz yubileyini 242 iştirakçı şirkətlə qarşılayır. Sərgidə ilk dəfə olaraq dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcəkdir. Bu siyahıda MDB və Avropa ölkələrindən olan şirkətlər çoxluq təşkil edir. İştirakçıların sayına görə liderlik edən ölkə isə Türkiyədir. Sərgidəki milli stendlərdə İran, İtaliya, Latviya və Estoniya şirkətlərinin məhsulları ilk dəfə nümayiş olunacaqdır.
Budəfəki sərgidə iştirakçıların ümumi sayının 26 faizini təşkil edən yerli istehsalçılar da fəallıq göstərəcəklər. Sərginin daimi yerli iştirakçıları arasında qida sektorunun aparıcı şirkətləri – “Abşeron- 2000”, “Atena”, “Azersun Holding”, “Bakfem”, “Caspian Fish Co”, “Caspian Construction Sistems”, “Gilan”, “Milla”, “Şuraabad Quşçuluq” ASC və digərləri vardır. Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini təmin etmək məqsədi ilə WorldFood Azerbaijan və AgriHort Azerbaijan sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan olan sahibkarlar üçün info-turlar təşkil edilmişdir.

İştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirəcəklər: qida sənayesi, içkilər və ərzaq texnologiyaları. Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, yağ-piy məhsulları, o cümlədən konservləşdirilmiş məhsullar və dondurulmuş yarımfabrikatlar təqdim olunacaq, həmçinin qida sənayesi üçün avadanlıqlar nümayiş etdiriləcəkdir.

Qeyd edilmişdir ki, “WorldFood Azerbaijan”ın fəaliyyətə başladığı 1995-ci ildən indiyədək sərgidə 1400-dən artıq şirkət iştirak etmişdir. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Konfransda məlumat verilmişdir ki, WorldFood Azerbaijan - 2014 sərgisi ilə eyni vaxtda 8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (AgriHort Azerbaijan - 2014) Sərgisi də keçiriləcəkdir. Bu sərgi aqrar kompleksin aparıcı nümayəndələrini, kənd təsərrüfatı məhsulları istehsalçılarını və istehlakçılarını bir araya gətirir. Bu il sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə artmışdır. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixana, suvarma sistemləri, heyvan və balıqlar üçün yemlər, toxumlar, gübrələr nümayiş etdiriləcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv