Xəbərlər
Birinci Avropa Oyunlarının məşəli Ucarda alovlandırıldı
Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.
Məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılandı və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edildi.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu Öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəldilər.
Məşqçi-müəllim Seymur Quliyev meydanda qurulan səhnəyə qalxaraq məşəli alovlandırdı.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq şahmatın rapid (sürətli) növü üzrə Avropa yarışlarının bürünc medalçısı, bu il İranda keçirilən şahmat üzrə beynəlxalq yarışlarda qızlar arasında birinci yerin qalibi Süsən Məmmədovaya verildi. S.Məmmədova isə çırağı birinci Avropa Oyunları başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim etdi.
Tədbirdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Ucardan Göyçaya yola salındı.