YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Tarixi Zəfərimiz xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir

“Xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. İki ildir bayramlarımız sırasına  daha bir möhtəşəm tarixi gün əlavə olunub-Zəfər Günü. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşamızın işğaldan azad edildiyi tarix-8 Noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzalanan Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi,  iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və Prezident-xalq birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi  təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Ermənilər illərdir himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırmağa çalışsalar da sonda yenə də sözünü deyən tarixi faktlar oldu. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, ərazi bütövlüyümüzün bərpa olunması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioriteti oldu: “Dövlət başçısı İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın azadlığa qovuşmasına hazırlıq dövrü kimi xarakterizə edilir.  Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Uzun illər Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımların atılmasını şərtləndirdi. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri birinci yerdə dayanır. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Tarixi Zəfərimiz xalqımızın torpaq, Vətən sevgisinin nümayişi oldu.”

Millət vəkili bildirib  ki,  iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. “Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İşğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi. Bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı ki, 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyümüzü təmin edən mühüm amillərdən biri də məhz bu oldu. Bu baxımdan ki, Azərbaycan öz torpaqlarında müharibə apardı, Ermənistan silahlı qüvvələrini ərazilərimizdən qovdu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılmalarının vacibliyi öz əksini tapıb.”

“30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi” söyləyən Malik Həsənov vurğulayıb ki,  Azərbaycan xalqı hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevdən  “İrəli” əmrini gözləyirdi: “Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyinin və orduya olan inamın təqdimatı oldu.”

Millət vəkili böyük qürur hissi ilə qeyd edib ki, tarixi Zəfərimiz bugünkü reallıqlarımızın və gələcəyimizin əsasıdır: “Adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan dövlət başçısı İlham Əliyevin Zəfərimizdən dərhal  sonra işğaldan azad edilmiş torpaqlarımıza səfəri tarixi hadisə kimi dəyərləndirilərək Böyük Qayıdışın reallığa çevrilməsi istiqamətində mühüm addım oldu. Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. Bütün işğaldan azad edilmiş torpaqlar quruculuq meydanına çevrilib. Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.  Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Hava qapılarını dünyaya açan Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının yol xəritəsidir.”

DİGƏR Xəbərlər Arxiv