YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sülhün təməli qoyulub

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi, Şəhidlərimizin canı və qanı bahasına 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövlətinin siyasi gündəminin əsasını regionda davamlı sülhün və sabitliyin əldə olunması təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərdə olarkən həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə regionda sülhün və təhlükəsizliyin, region dövlətlərinin iqtisadi inkişafının təmin olunması üçün dövlətimizin dəyişməz mövqeyini bir daha danışıqlar masasına yatırdı.

Soçi şəhərində baş tutan görüşdə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə edən liderlər yeni Bəyanat imzaladılar. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edən liderlər qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılığa gəldilər və Azərbaycanla Ermənistan arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələrinin və dini liderlərin arasında Rusiyanın köməyi ilə dialoqun davam etdirilməsi üçün üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsinin vacibliyini vurğuladılar.

Görüş zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir. Azərbaycanın nisbətən yaxın vaxtlarda beynəlxalq hüququn fundamental prinsipləri nəzərə alınmaqla Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürməsi və bu prinsiplərin, xüsusilə, Rusiya tərəfindən müsbət qarşılanması münasibətlərin normallaşması prosesinə çox yaxşı impuls verəcəyinə əminik.

Rusiyalı həmkarı ilə dövlət başçımızın keçirdiyi görüş, imzalanan sənədlər Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında olduğu kimi, sülh meydanında – diplomatiya stolunun ətrafında da fəaliyyətinin uğurlu nəticəsi, qələbəsi kimi qiymətləndirilməlidir.

Görüşdə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirədə illər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirildiyi, ölkələr arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırıldığı, ölkə başçımızın təklif etdiyi 5 prinsiplə regionda yaradılacaq qalıcı sülhün təməlinin qoyulduğu bir daha gözlər önünə sərildi.