YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yevlax ŞİH başçısının müavini Elnarə Əzizova bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Tədbirdə çıxış edən şəhid atası Fərman Kazımov tarixi ədaləti bərpa edən Qələbəmizin Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunduğunu deyib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Prezident, Partiyanın Sədri İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusilə Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırdı. Rafiq Əliyev Vətən müharibəsi iştirakçılarının Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğunu, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Yevlax “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və Vətən müharibəsi qazisi Yusif Kərimov çıxışlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində döyüş meydanındakı qəhrəmanlığından geniş bəhs ediblər.

Sonra Yevlax mədəniyyət işçilərinin ifasında “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.