YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli qonşularımızla münasibətlərdən asılıdır.

Qarşılıqlı səfərlər, əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Oktyabrın 24-də dövlət başçısı İlham Əliyevin Gürcüstana işgüzar səfəri, keçirdiyi görüşlərdə, mətbuata bəyanatında səslədirdiyi fikirlər, diqqət yönəltdiyi məsələlər bugünkü gündə regionda sülhün və təhlükəsizliyin təminatının daha vacib olduğunu açıqlayır. Bir mühüm məqamı da qeyd edək ki, bu səfər Azərbaycanla Gürcüstan arasında  diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməkdir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bildirdi ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini açıqlayır.  Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında cənab İlham Əliyevin töhfələrinin böyüklüyünü xüsusi vurğulayan Baş nazir onu da əlavə etdi ki, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.

Dövlət başçısı İlham Əliyevin ötən dövr ərzində Gürcüstana səfərlərinin say tərkibinə, həmçinin imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər zaman qeyd etdiyimiz kimi, imzalanan hər bir sənəd münasibətlərdə yeni istiqamət kimi qəbul olunur ki, bundan irəli gələn vəzifələrin uğurlu icrası münasibətlərin daha da inkişafını sürətləndirir.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından bəs edərkən ölkələrimiz, xalqlarımız və liderlər arasında dostluğun və birgə fəaliyyətin önəmini xüsusi qeyd etdi. İki dost ölkənin inkişafında ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri xüsusi rol oynamışdı. Diplomatik münasibətlərin 30 ili ölkələrimiz arasında münasibətlərin təqdimatında və təsdiqində zəngin mənbə rolunu oynayır.

Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları iki ölkə arasında münasibətlərin təhlili və onların əsasında qarşıdakı dövrdə atılacaq addımların təqdimatı oldu. İkitərəfli gündəliyin tərkib hissəsinə diqqəti yönəldən cənab İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin artdığını bildirdi. Belə ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr  əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq.

Bu rəqəm də qeyd edildi ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb.  Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması hədəflər sırasındadır. Cənab İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək.

Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişaf edən Azərbaycan-Gürcüstan münasibətləri bölgə üçün, Avropa və dünya üçün olduqca əhəmiyyətlidir.

DİGƏR Xəbərlər Arxiv