YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin məzarı ziyarət olunub

Ağstafada Vətən müharibəsi şəhidi Salyayev Aqil Anar oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhid ailələri, hərbçilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Bəşirov Akif Vahid oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi yad edilib.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Daha sonra tədbir iştirakçıları Aqil Salyayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aqil Salyayev 2020-ci il oktyabr ayının 26-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.