YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunan Füzuli özünün ikinci həyatına başlayır

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Qədim tarixi olan Füzuli həm də hərbi-strateji mövqeyinə görə çox mühüm əhəmiyyət kəsb edən bir nöqtədə yerləşir. Təsadüfi deyil ki, işğalçı Ermənistan bunu nəzərə alaraq ən möhkəm müdafiə xətlərini məhz Füzulidə qurmuşdu. Düşmənlər uzun illik işğal dövründə bu ərazilərdə mühəndis-istehkamlar qurmuş, müxtəlif ölçülü xəndəklər qazmış, müdafiə sistemləri, süni əngəllər yaratmış, yeraltı tunellər qazmış və onların minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etmişdilər. Təbii ki, bütün bunların asanlıqla keçilməsi çox çətin idi.  Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalardan istifadə edilməli, taktikalar tətbiq olunmalı idi. Ermənilər qürrələnərək deyirdilər ki, Azərbaycan Ordusu üçmərhələli müdafiə xətlərini keçə bilməz.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb.  Müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Düşmən üzərində əldə edilən qələbə cəbhədə bütün vəziyyəti ordu bölmələrimizin xeyrinə dəyişdi, böyük ruh yüksəkliyi yaratdı.

Yeri gəlmişkən, burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı Füzuli istiqamətində min hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Xalqımız uzun illərdən sonra az da olsa, qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın işğalçılardan tam azad edilməsinə güclü inam yarandı.  2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi düşmən üzərində ən şanlı qələbə sayılır. Füzulililərin sevincinin həddi-hüdudu yoxdur. Son iki il onların həyatında qələbə və zəfər ili kimi yaddaşlara yazılıb.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar.  Qalib Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.  Bu qürurverici görüntülər Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir. Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir.  Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri işləri əhatə edir. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi.  Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər.  Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi. Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində işğaldan azad edilən Füzulidə ən iri infrastruktur layihə həyata keçirilib. Bölgədə analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Belə ki, 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Düşmən Füzuli şəhərini xarabalığa çevirib, bu yerlərdəki həyat işartılarını məhv edib, faşist ermənilər torpağa və ağaclara belə qəsd ediblər. Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz cığırların yerində Zəfər yolunun tikintisi başa çatdırılıb və indi bu yolla Şuşa şəhərinə rahat gedib-gəlmək mümkündür. Çətin relyefi olan yerlərdə yolların çəkilməsi, tunellərin qazılması, körpülərin tikintisi, sözün əsl mənasında,  fədakarlıq və işgüzarlıq tələb edir.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçən il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb,  Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Bundan başqa, Füzuli şəhərinin baş planı təsdiq olunub. Baş plana əsasən Füzuli şəhəri ən müasir və analoqu olmayan bir yaşayış məskəninə çevriləcək. Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə bir neçə dəfə səfər edərək işğal dövründə Ermənistanın bu torpaqlarda törətdiyi vəhşiliyi, vandallığı, cinayətləri və azərbaycanlılara qarşı törətdikləri qəddarlığı təkzibedilməz faktları dünyanın, beynəlxalq təşkilatların və erməni havadarlarının diqqətinə çatdırıb və işğalçı, vəhşi, faşist erməni mahiyyətinin iç üzünü ifşa edib. İşğaldan azad edilən torpaqların, şəhərlərin və kəndlərin dirçəldilməsi üçün çox mühüm dövlət sənədlərini imzalayan  Prezident həm də bu ərazilərdə çox böyük infrastruktur layihələrin həyata keçirilməsi üçün  strateji fəaliyyət Planını təsdiq edib. Bir sözlə, Müzəffər Ali Baş komandanın hərbi-siyasi qüdrərti ilə işğaldan azad olunan Füzuli özünün ikinci həyatına başlayır. 

Ən əsası, dünyanın ən böyük şirkətləri işğaldan azad edilən ərazilərdə başlanan quruculuq işlərində iştirak etməyə həvəs göstərir və onlardan bir çoxu artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayıb.