Xəbərlər
Əlaqələrimiz ən yüksək pillədə

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixinə qısa nəzər salmağı bir zərurətə çevirir.
Azərbaycan ilə Vyetnam arasında əlaqələr ötən əsrin ortalarında formalaşmağa başlayıb. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə etdiyi səfər və 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini yaratmışdı.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da iki ölkənin münasibətlərinin qarşılıqlı etimad mühitinin qorunması fonunda uğurla inkişaf etdirilməsi prioritetlər sırasında oldu. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına verdiyi önəm 2014-cü ildə bu ölkəyə reallaşdırdığı dövlət səfərində özünün aydın ifadəsini tapdı. 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsində mühüm önəm kəsb etdi. Həmin səfər çərçivəsində keçirilmiş birinci Azərbaycan-Vyetnam biznes forumu energetika, tikinti, informasiya texnologiyaları, sənaye, nəqliyyat, turizm və digər sahələrdə perspektivləri nəzərdən keçirmək üçün platforma rolunu oynadı.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.
Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri zamanı keçirilən görüşlərdə, mətbuata bəyanatda da bu reallıqlar bir daha diqqətə çatdırılaraq onların fonunda hədəflər müəyyənləşdirildi. Bu əminlik ifadə olundu ki, səfər əlaqələrin inkişafında yeni səhifə açacaq. İmzalanan sənədlər bu əlaqələri daha da möhkəmləndirəcək. Qeyd edək ki, səfər zamanı müxtəlif sahələri əhatə edən 10-a yaxın sənəd imzalanıb. Onlar arasında Prezident İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qəbul etdikləri “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı xüsusi qeyd etmək istərdik. Bu sənəd əlaqələri daha yüksək pilləyə qaldıran sənəd kimi dəyərləndilir.