YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın səfalı guşələrindən olan Göygölə gətirilib

Mayın 15-də birinci Avropa Oyunlarının məşəli Azərbaycanın səfalı guşələrindən olan Göygölə gətirilib.

Göygöl rayonunun Bayraq meydanında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində gül-çiçək, üçrəngli Azərbaycan bayraqları tutmuş minlərlə rayon sakini yürüş iştirakçılarını alqışlarla qarşıladı.

Avropa Oyunlarının rəmzi qapısında Göygöl rayon peşə məktəbinin bədən tərbiyəsi müəllimi Təhminə Əliyeva birinci Avropa Oyunlarının məşəlini qəbul etdi. Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı məşəli Heydər Əliyev prospektindən keçməklə, Heydər Əliyev Mərkəzinin qarşısında qurulmuş səhnəyə gətirdi. Buraya toplaşanlar Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşıladılar.

Şəhər 1 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, idman ustalığına namizəd Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra məşəldən götürülmüş alovla yandırılan çıraq rayon sakinlərinə təqdim edildi. Bildirildi ki, bu çıraq ilk Avropa Oyunları başa çatana qədər Heydər Əliyev Mərkəzində yanacaq.

Rayon sakinləri birinci Avropa Oyunlarının məşəlinin Göygöldə alovlandırılmasını əsl bayram kimi qeyd edirlər.

Qarşılanma mərasimində çıxış edənlər vurğuladılar ki, respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da idmana xüsusi diqqət və qayğı göstərilir. Keçən il dövlətimizin başçısının xeyir-duası ilə rayonda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Hazırda rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə çoxlu sayda idman obyektləri fəaliyyət göstərir ki, bunun da nəticəsində hər il onlarla idmançı dünyanın ən mötəbər yarışlarında Azərbaycanı təmsil edir.

Sonra birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salındı.