YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

27 sentyabr 2020-ci ildə Ermənistan işqalçı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Yenilməz Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatına başladı. Vətən müharibəsinin ilk günü qəhrəman əsgər və zabitlərimiz Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdilər. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan azad etdi. Vətən Müharibəsi zamanı Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən ağır, çətin döyüşlərdən idi. 30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət istehkam qurmuşdular. Buna baxmayaraq, Azərbaycanın qəhrəman oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək düşmənin keçilməz ”Ohanyan səddi” adlandırdığı istehkam xəttini bir neçə saat ərzində tamamilə dağıtdılar. Beləliklə, Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Füzuli əməliyyatındakı tarixi qələbələr bizə itkisiz başa gəlməmişdi. Bu müqəddəs amal uğrunda şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur, dirçəlir. Allah torpaqlarımızı, o cümlədən Füzulini azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin. Şəhidlərimizə və qazilərimizə göstərilmiş ən böyük diqqət onların dövlət səviyyəsində təltif edilməsi olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri də məhz ilk şəhid verdiyimiz bu torpaqlar oldu. Ötən ilin oktyabr ayında Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağını burada qaldırıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib: "Həmin an-17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik.” Hazırda Füzuli rayonunda böyük bərpa və quruculuq işləri həyata keçirilir. Qısa zamanda 2021-ci il oktyabrın 26-da həm Zəfər yolu istifadəyə verildi, həm də Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Səkkiz aya tikintisi başa çatdırılan, müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Hava Limanının açılışı iki qardaş ölkənin – Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Artıq demək olar ki, yaxın vaxtlarda azad olunmuş ərazilərimizdə sürətli bərpa işləri nəticəsində tezliklə həyat öz axarına qayıdacaq, Füzuli rayonu əvvəlki görkəmindən qat-qat gözəl və müasir bir şəhərə çevriləcəkdir.