YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət terroru aktı

Norveç nəşri ermənilərin Gəncədə mülki əhalini hədəf alan raket hücumlarından yazıb.

Nyheteridag.news xəbər saytında dərc olunan məqalədə bildirilir ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın Gəncə şəhərinə ilk ölümcül raket hücumundan iki il ötür.

Məqalədə deyilir ki, 2020-ci il oktyabrın 4-də yerli vaxtla saat 10:00-da Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə istiqamətində ballistik raket atılıb, nəticədə 1 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb. Ermənistan hərbi rəhbərliyi hücumu təkzib etsə də, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşmış, İrəvan tərəfindən dəstəklənən separatçılar hücuma görə məsuliyyəti öz üzərinə götürərək, hərbi obyektlərin və Gəncədəki beynəlxalq hava limanının atəşə tutulduğunu vurğulayıblar. Bununla belə, Azərbaycan tərəfi hücum yerində hərbi obyektlərin olmaması ilə bağlı faktları təqdim edib.

İki il əvvəl baş verən hadisələrdən söz açılan məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan otuz ilə yaxındır dünyanın ən uzun sürən münaqişələrindən birinin tərəfləri olublar. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi kampaniyaya başlayıb, nəticədə Cənubi Qafqaz regionunda ən uzunmüddətli və ən qanlı müharibənin başlamasına səbəb olub. Qanlı müharibənin birinci fazası, 1994-cü ildə atəşkəsin əldə olunması və Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etməsi ilə dayanıb. Ermənistanın həyata keçirdiyi vəhşi etnik təmizləmə siyasəti səbəbindən 30 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyon insan öz yurd-yuvasından didərgin salınıb.

İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşən Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycandakı hərbi mövqeləri və yaşayış məntəqələrini atəşə tutmasından sonra iki ölkə arasında uzunmüddətli münaqişə yenidən alovlanıb. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini 30 ilə yaxın davam edən erməni işğalından azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli Bəyanatın imzalanması ilə müharibə başa çatıb. Bəyanatda Ermənistan işğal etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağı öhdəsinə götürüb.

Azərbaycan şəhərlərinə hücum məsələsinə qayıdan müəllif qeyd edir ki, 2020-ci il müharibəsi zamanı Gəncə dəfələrlə raket hücumlarına məruz qalıb. Oktyabrın 4-də baş verən birinci hadisədən sonra Ermənistan hərbçiləri oktyabrın 5-də, 8-də, 10-da və 17-də Azərbaycanın ikinci ən böyük şəhərinə yenidən hücum edib. Hücumlarda həlak olan mülki şəxslərin sayı 32 olub, ən azı 125 nəfər yaralanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Gəncəyə hücumlarda “Smerç” idarə olunmayan artilleriya raketlərindən və “Skad-B” ballistik raketlərindən istifadə olunduğunu təsdiqləyib.

Baş verənlərə bir çox beynəlxalq təşkilat tərəfindən də qiymət verildiyi qeyd olunub. Belə ki, Human Rights Watch təşkilatının Avropa Bölgəsi və Mərkəzi Asiya Ofisinin rəhbəri Hyu Uilyamsonun sözlərinə görə, erməni qüvvələri dəfələrlə müxtəlif növ silahlardan, o cümlədən idarə olunmayan raketlərdən Azərbaycan şəhərlərini atəşə tutub. Altı həftəlik müharibədə dəfələrlə təkrarlanan bu hücumlar çox sayda mülki şəxsin həyatına son qoyub”.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti də bu hücumları Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi kəskin şəkildə pisləyib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hadisəni Ermənistanın “dövlət terroru aktı” adlandırıb və beynəlxalq ictimaiyyəti baş verənləri pisləməyə çağırıb.

Türkiyə hökuməti də Ermənistanı hərbi cinayət törətməkdə ittiham edərək, Gəncəyə hücumları araşdıran ilk ölkə oldu. Qətər, İsveçrə, Malayziya və Böyük Britaniyanın Azərbaycandakı səfirləri üçüncü raket hücumu nəticəsində həlak olanların ailələrinə təəssüf hissi ilə başsağlığı veriblər. Avropa İttifaqı da dördüncü hücumu pisləyib və BMT-nin Baş katibi Antonio Quterreş baş verənləri qəbuledilməz adlandırıb.

DİGƏR Xəbərlər Arxiv