YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanlar

Mehdi Balabəyov 

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv ölkələrlə  əməkdaşlığının əsas istiqamətlərindən birini enerji sahəsi təşkil edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası  dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.  1994-cü ildə ulu öndər Heylər Əliyevin səyləri nəticəsində  imzalanan «Əsrin müqaviləsi" ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, dövlətimizə etimad mühitinin mövcudluğu «Əsrin müqaviləsi»ndən sonra imzalanan  sazişlərdə və Memorandumlarda özünün aydın ifadəsini tapdı.  Ümummilli Lider  dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir dövlət   səyləri  birləşdirmədən,  təcrübə mübadiləsi   aparmadan iqtisadiyyatını təkbaşına  inkişaf etdirə bilməz. «Əsrin müqaviləsi»nin imzalanması bu tezisin reallıqda öz əksini tapması oldu.  Birgə səylər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verdi.

Əvvəllər  çoxlarına əfsanə  kimi görünən BTC və BTƏ neft- qaz kəmərləri reallığa çevrilməklə regional əməkdaşlığın   əsası qoyuldu.  Azərbaycan, Türkiyə və Gürcüstanın  siyasi iradəsi  əsasında reallığa çevrilən bu layihələr  həm iştirakçı, həm də digər ölkələrin  uzunmüddətli iqtisadi ikişafının əsası oldu.  Azərbaycanın reallığa çevirdiyi layihələrin gələcəkdə dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirəcəyi beynəlxalq maliyyə qurumları tərəfindən də etiraf edildi.

Azərbaycan illər keçdikcə əməkdaşlığın yeni  formatlarını yaratmaqla,  onların  coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi qazandığı imicə yeni əlavələr etdi. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Bolqarıstana səfəri zamanı  keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında bu məqamlara  bir daha nəzər salınaraq  artıq reallığa çevrilmiş Cənub Qaz Dəhlizinin perspektivləri geniş müzakirə edildi. 

Çoxtərəfli əməkdaşlığa xidmət edən bu layihənin coğrafiyasının genişləndirilməsi təbii ki, həm iştirakçı, həm də digər dövlətlər üçün iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində «Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur» söyləyərək bu məqamı da xüsusi olaraq vurğulamışdır ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi,  geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda bu əminlik də ifadə olunmuşdur ki,  üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi  növbəti mərhələdə bu layihəyə qoşulacaq. Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirildi ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihəsidir. Ölkəmizin təşəbbüsü və müəllifliyi ilə Avropa bazarlarına çıxarılan Azərbaycan qazı Bolqarıstana daxil olur.

Bolqarıstan səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın enerji və nəqliyyat layihələrinin mərkəzi kimi  tutduğu mövqe yüksək dəyərləndirilərək, bu günün reallıqlarının qarşıdakı dövr üçün əlaqələrin inkişafına böyük stimul olduğu bildirildi. Dövlət başçısı bildirdi ki,  bütövlükdə  digər məsələlərə gəldikdə, bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi də  önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaradıb. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.

Qısa təhlil əsasında iki dost ölkənin bütün sahələrdə əməkdaşlığının  təməlində səmimi münasibətlərin dayandığını böyük əminliklə deyə bilərik. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Qarşılıqlı maraqlar üzərində qurulmuş  strateji tərəfdaşlıq yeni imkanlar açır.