YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərin təntənəsi

Faqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Son beş ildə dövlət başçısı İlham Əliyevin elə bir səfəri yoxdur ki, tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlardan bəhs etməsin. Bu möhtəşəm Qələbə ölkəmizin bütün sahələrdə davamlı inkişafına geniş imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, xalqımızın öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi. Cənab İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət  səfəri çərçivəsində Prezidentlərin təkbətək görüşündə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında,  mətbuata birgə bəyanatlarında  bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.

Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirdi. “Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq” söyləyən cənab İlham Əliyev vurğuladı ki,  Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.

Mətbuata bəyanatında Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətinin  ciddi geosiyasi əhəmiyyət daşıdığını əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev  bunu “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir” fikirləri ilə ifadə etdi. Cənan İlham Əliyev mətbuata bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsindən danışaraq vurğuladı ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər. O da qeyd olundu ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq. Diqqəti avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri kimi TRIPP layihəsinə yönəldən cənab İlham Əliyev vurğuladı ki, Prezident Donald Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq.

Tarixi Zəfərimizin mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə dost, qardaş ölkələrin dəstəyidir. Cənab İlham Əliyev dost hədiyyəsi kimi dəyərləndirilən bu mühüm addımı da xüsusi qeyd etdi ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı Böyük Qayıdış layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin səfərdən əvvəl “Kazinform” agentliyinə verdiyi müsahibəsi də Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlili kimi dəyərləndirildi. Cənab İlham Əliyev qeyd etdi ki, Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim.  Prezident Kasım-Jomart Tokayevin son illərdə Azərbaycana altı dəfə səfər etdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.