YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq

“Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu səbəbdəndir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Son illərdə Azərbaycan-Bolqarıstan münasibətləri də uğurla inkişaf etməkdədir. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri qarşılıqlı əlaqələrin daha da güclənməsinə təkan verəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Təbii ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib. Geniş tərkibdə keçirilən görüşdə dövlətimizin başçısı qeyd edib ki, bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır: “Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var”.

S.Fətəliyevanın sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

Deputat qeyd edib ki, Azərbaycanın uğurlu enerji siyasəti  Bolqarıstan üçün də faydalıdır. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Geniş tərkibdə keçirilən görüşdə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Rumen Radev vurğulayıb ki, Bolqarıstan üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. “Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir”, -deyən Bolqarıstanın dövlət başçısı bununla da, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu vurğulamış olur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edir.