YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə regional əməkdaşlıq xüsusi maraq doğurur

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Nəqliyyat sisteminin inkişafı hər bir ölkənin iqtisadi həyatında xüsusi önəm daşıyır. Məhz əlverişli coğrafi mövqeyinə görə mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir.

Eyni zamanda da Azərbaycan 44 günlük Vətən müharibəsindəki Qələbəsi ilə nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı.

Bu gün Azərbaycanın iqtisadi qüdrətinin artmasında nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti böyükdür. Məhz bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi təkan verir.

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir və şərqdən qərbə, şimaldan cənuba qitələri və ölkələri birləşdirir.

Həmçinin, Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanan və Avrasiyanın əsas tranzit ölkələrindən birinə çevrilən Azərbaycanın tranzit imkanlarının artması regional əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verir. Xüsusilə, ölkənin nəqliyyat qovşağına çevrilməsinə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi böyük perspektivlər açır. Bütün bunlar Azərbaycana xarici investisiya axınının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, həmçinin beynəlxalq arenada ölkənin imicinin möhkəmlənməsinə də şərait yaradır.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, xüsusilə, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər ölkəmizdə bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.   

Özbəkistan Prezidentinin dəvəti ilə orada rəsmi səfərdə olan Prezident İlham Əliyevin sentyabrın 16-da Səmərqənddə baş tutmuş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı bir daha göstərdi ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir.

Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir, hətta bunu ildə 25 milyon tona qədər artıra bilərik. Eyni zamanda ölkəmiz hazırda 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Artıq Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Ölkəmiz 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 9-a çatdırılacaq.

Ölkə başçısı həmçinin diqqətə onu da çatdırıb ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib və sevindirici haldır ki, artıq biz işğaldan azad edilən ərazilərdə də dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə start vermişik. Bu gün Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir. Zəngəzur dəhlizi də Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir.  

Prezident İlham Əliyev çıxışı zamanı onu da diqqətyə çatdırıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır.

Bü gün Azərbaycan özünün inkişaf edən iqtisadiyyatı sayəsində, tranzit potensialının və tranzit daşımalarında iştirak imkanlarının genişlənməsi ilə, eləcə də, digər dəhlizlərlə müqayisədə yüklərin bizim ərazimizdən daha əlverişli şərtlərlə, qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına imkan yaratması ilə dünyada regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut edib. Şübhəsiz ki, bu da Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir.