Gündəm
Prezident İlham Əliyev: Azərbaycan özünün demokratik inkişafına sadiqdir
“Azərbaycan özünün demokratik inkişafına sadiqdir. Azərbaycanda bütün azadlıqlar tam təmin edilir – siyasi fəaliyyət azadlığı, media azadlığı, toplaşma azadlığı, dini azadlıqlar. Bizdə azad internet var. İnternet istifadəçilərinin sayı gündən-günə artır və bu gün bu rəqəm 70 faizə çatır. Hökumətimiz fəal şəkildə müasir texnologiyalar, İKT sahəsinə sərmayə qoyur. Biz bu gün genişzolaqlı interneti Azərbaycanın hər bir kəndinə çəkirik.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasında çıxışı zamanı qeyd etmişdir.
Prezident İlham Əliyev bildirmişdir ki, bu, bizim niyyətlərimizin göstəricisidir: “Biz aydın şəkildə dərk etdik ki, siyasi transformasiya, müasir idarəçilik sistemi olmasa uğura nail ola bilmərik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmışdır. Biz xarici sərmayələrin cəlb edilməsi siyasətinə başladıq. Çünki bizim maliyyə resurslarımız yox idi və beləliklə XX əsrin sonunda Azərbaycan bir daha neft və qaza görə məşhur olan ölkəyə çevrildi.”
Prezident İlham Əliyev dünyada ilk neft XIX əsrin ikinci yarısında Azərbaycanda - Bakıda hasil edildiyini qeyd edərək bildirmişdir ki, dənizdəki yataqlardan da ilk neft Xəzər dənizinin Azərbaycan sektorunda XX əsrin ortalarında hasil olunub: “Beləliklə, neft sənayesi, ən iri neft və qaz şirkətlərinin sərmayələrinin cəlb edilməsi bizim inkişafımızın təmin edilməsi yolu olmuşdur. Lakin biz hər zaman deyirik ki, bu, bizim yekun hədəfimiz deyil, inkişafımız üçün vasitədir. Biz ehtiyatlarımızdan istifadə yolu ilə ölkəmizi transformasiya edərək müasirləşdirməli, xalqımız üçün daha yaxşı şərait yaratmalıyıq.”