YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl uğurların əsasıdır

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın adı çəkiləndə ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, dövlətimiz və xalqımız qarşısındakı xidmətləri  göz önünə gəlir. Böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir.  Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmış, qərarlar qəbul etmişdir. Fəaliyyətinin Naxçıvan dövrü xilaskarlıq missiyasının əsası kimi dəyərləndirilir. Belə ki,  Ümummilli Lider  31 il öncə Naxçıvan MR Ali Məclisinin Sədri seçilməklə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdırdı. Qəbul olunan qərarların, görülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir.

1990-ci il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Belə ki, fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlət quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və burada daim yaşadılan qədim dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yekdilliklə Sədr seçilib. Bu tarixi hadisə Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti, böyük iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Dahi şəxsiyyətin qədim diyardan Naxçıvan MR Ali Məclisinə və Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilməsi böyük təcrübəyə malik olan görkəmli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Naxçıvan MR-in xilası və dirçəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan MR Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatət təmin edilmiş, Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmişdir. Ümummilli Liderin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan yenidən quruldu. Ölkədə yaradılan sabitlik bütün sahələrin inkişafını şərtləndirdi. 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmlənməsi üçün geniş imkanlar yarandı. Ölkəmiz dünya birliyinin fəal üzvünə çevrildi. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza yaradıldı. Beynəlxalq standartlara cavab verən Ordu formalaşdı. Demokratik dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider hakimiyyətə qayıtdığı ilk gündən bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Dünya azərbaycanlıları bir amal ətrafında daha da sıx birləşdi, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər.   

Dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciəti növbəti uğurlarımızın aydın mənzərəsini yaratdı. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Onun başa çatdıra bilmədiyi işləri  xalqın dəstəyi ilə cənab İlham Əliyevin həyata keçirəcəyinə əminlik ifadə olundu. 2003-cü ildən bu günədək Azərbaycanın uğurlarına diqqət yetirsək bu etimadın əməli işdə özünü doğrultduğunu böyük inamla qeyd edirik. Azəbaycanın tarixi Zəfərə imza atması Müzəffər Ali Baş Komandanın qətiyyətinin nəticəsidir. Qalib Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır. Bu gün Ulu Öndərin  ruhu şaddır. Artıq iki ilə yaxındır ki, torpaqlarımız sahibinə qovuşub, ərazi bütövlüyümüz bərpa edilib.  Dahi şəxsiyyət hər zaman Azərbaycanı belə güclü, qüdrətli, qalib görmək istəyirdi. Möhkəm təməl möhtəşəm  uğurlarımızın  əsasıdır.