YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Atılan hər bir addım dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir

“İtaliya Azərbaycanın  Avropada ən yaxın və etibarlı tərəfdaşıdır. İki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanması münasibətlərin yüksələn xətlə inkişafına geniş imkanlar yaradır. Nəzərə alsaq ki, bu il Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur, bu dövr ərzində qarşılıqlı səfərlərin   reallaşdırılması çərçivəsində  onlarla sənədin imzalandığı və hər birinin münasibətlərdə yeni bir istiqamətə yol açdığı inkaredilməzdir. 30 illik inkişaf yolunun  müttəfiqliyə doğru getdiyini də böyük əminliklə qeyd edə bilərik. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər edən   dövlət baçısı İlham Əliyevin keçirdiyi görüşlər, stratej tərəfdaşlığın yeni istuqaməti ilə bağlı mühüm addımların atılması, həmçinin  “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumda iştirakı, forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı və İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırması, “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi ölkələrimiz arasında əlaqələrin dünəninə, bu gününə və gələcəyinə aydılıq gətirdi.  Bu mühüm məqamlar, eyni zamanda,  Azərbaycanın, dövlət başçısı İlham Əliyevin  beynəlxalq aləmdə siyasi çəkisinin  təqdimatı kimi dəyərləndirilir.  Belə ki, qeyd olunan beyin  mərkəzinin  məqsəd və məramına, hədəflərinə nəzər salsaq cənab İlham Əliyevin  yürütdüyü siyasətə beynəlxalq dəstəyin yüksək səviyyədə olmasını görərik.  “The European House – Ambrosetti” İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki,  dövlət başçısı İlham Əliyev Forumda Azərbaycanın dünyada özünü doğruldan enerji strategiyasının çoxşaxəli olmasından, Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsindən  geniş bəhs edərək  uğurla başa çatan  Cənub Qaz Dəhlizinin qitə dövlətləri üçün əhəmiyyətini də diqqətə çatdırdı:  “Azərbaycanın enerji ehtiyatları qarşıdakı illərdə də Avropa dövlətləri üçün etibarlı mənbə olacaq. Ölkəmizin enerji diplomatiyasının beynəlxalq səviyyədə dəstəklənməsinə, qlobal layihələrin şaxələndirmə prinsipinə uyğun iki, üçtərəfli formatın coğrafiyasının genişlənməsinə, neft kapitalının  insan kapitalına çevirilməsi istiqamətində görülən işlərə diqqət yönəldildi.  Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminin keçirilməsi də bunun bariz nümunəsidir.”

Millət vəkili vurğulayıb ki, səfər zamanı  keçirdiyi görüşlərdə, Forum çərçivəsində  İtaliyanın nüfuzlu KİV nümayəndələrinin  suallarını cavablandırarkən,  İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müsahibəsində qarşılıqlı etimad və hörmət prinsipləri əsasında inkişaf edən Azərbaycan - İtaliya münasibətlərinin perspektivləri ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev  işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin fəal iştirakından da bəhs etdi: “Enerji strategiyamızın əsas tərkib hissəsi olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırımına gəldikdə  bu məsələyə dost ölkənin diqqəti  göz qabağındadır. Dövlət başçısı İlham Əliyev bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlar olduğunu bildirərək bu əminliyi də ifadə etdi ki,  işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq.”

“İtaliya Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Atılan hər bir addım  dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir. Azərbaycana beynəlxalq səviyyədə artan maraq günümüzün reallıqlarında, o cümlədən Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafında, strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru gedən yolda özünün aydın ifadəsini tapır”,- deyə Əliabbas Salahzadə bildirib.