Xəbərlər
Fransa–Azərbaycan biznes əlaqələrinə həsr edilən II TEAS Paris Biznes Forumu keçiriləcək
Mayın 13-də Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycan və Fransa arasında biznes şəbəkə münasibətlərinin gücləndirilməsi məqsədilə TEAS Biznes forumları silsiləsindən ikinci TEAS Paris Biznes Forumu keçiriləcək.
TEAS-dan bildiriblər ki, Forum Fransa iqtisadiyyatını beynəlxalq səviyyədə təşviq edən dövlət agentliyi olan “Biznes Fransa” ilə əməkdaşlıq çərçivəsində və Bas Rin əyalətinin senatoru Andre Reşar və Fransa parlamentində Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri senator Natali Qulenin dəstəyi ilə həyata keçirilir.
Forumun gündəliyinə aşağıdakı məsələlər daxildir: Azərbaycanda investisiya imkanları, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, neft-kimya, əczaçılıq və ərzaq emalı da daxil olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft, qaz və bərpa edilən enerji də daxil olmaqla enerji sahəsində əməkdaşlıq.
Tədbirdə Azərbaycanda iqtisadi və kommersiya əməkdaşlığı ilə bağlı imkan və risklərin təhlili, Azərbaycanda investisiya mühiti və imkanları haqqında son məlumatların verilməsi, iqtisadiyyat və sənaye sahəsində potensial əməkdaşlıq sahələrinin genişləndirilməsi, Azərbaycan və Avropa ölkələri arasındaki iqtisadi əməkdaşlığın güclənməsinə kömək edə biləcək layihələrə dair müzakirələrin aparılması, daxili və xarici investisiya səviyyəsinin artımına yönəlmiş ən yaxşı təcrübə ilə bağlı informasiya mübadiləsinin aparılması, karbohidrogen resurslarından asılılığı azaldan, gələcək iqtisadiyyatın və sənayenin inkişafı üçün, xüsusilə də özəl sektorda strateji sahələrin müəyyənləşdirilməsi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsindən irəli gələn imkanların təqdim edilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.
Fransa-Azərbaycan Biznes Forumunda diplomatlar, siyasətçilər, bank nümayəndələri, jurnalistlər, ictimai və özəl sektordan mütəxəssislərin iştirak edəcəyi gözlənilir.