YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Öncə 4 qətnamə, sonra 4-cü bənd… - VİDEO

Azərbaycan dəfələrlə Ermənistana ciddi çağırış və xəbərdarlıq edib: 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələbləri yerinə yetirilməlidir. Xüsusilə də, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutan 4-cü maddə.

Reallıq isə budur ki, kapitulyasiya aktına imza atan Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir, siyasi-hüquqi məsuliyyətdən yayınmağa çalışır.

Təcavüzkar qüvvələr nəinki öhdəliklərini yerinə yetirmir, hətta yeni hərbi-siyasi sabotajlara yol verir, terror-təxribat cəhdləri ilə çıxış edir. Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi bunun bariz nümunəsidir. Amma yaxşı bilirlər və növbəti dəfə gördülər ki, “dəmir yumruq” yerindədir!

Bəli, Azərbaycan Ordusu növbəti dəfə terrorçu-təxribatçılara layiqli cavab verdi. Ordumuzun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı.

Azərbaycan bir daha gücünü, mövqeyini və iradəsini nümayiş etdirdi. Həm düşmənə, həm dünyaya. Mesaj isə aydındır: üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir. Qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi labüddür.

BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını 44 günlük Vətən müharibəsində təmin etdik. İndi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına nail olmaq əzmi və qətiyyəti nümayiş etdiririk. Hər ikisinin mahiyyəti eynidir - qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının çıxarılması (məhv edilməsi, qovulması) və suverenliyin bərpası!

Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir!