YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yerli icra orqanları üçün yol xəritəsi

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib və çıxışında yerli icra orqanları üçün mühüm yol xəritəsi müəyyən edib. Prezident İlham Əliyev yeni təyin olunan icra hakimiyyətlərinin başçılarını qəbul edərkən yerli icra orqanları üçün prioritet məsələləri bir daha ictimai formada bəyan etdi və bildirdi ki, ölkəmiz sürətlə inkişaf edir, idarəetmə sahəsində çox ciddi islahatlar aparılır və təmizləmə işləri həyata keçirilir. Hansısa dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, işlərində nöqsana yol verirsə, qanunsuz işlərlə məşğul olursa, cəzalandırılacaq. Çünki belə məmurlar bizim uğurlu inkişafımıza kölgə salır və dövlətimizin əsaslarını sarsıdır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməli, ilk növbədə, rayonlarda mövcud nöqsanları aşkar etməli və aradan qaldırmalıdır.

Ümumiyyətlə, son illərdə ölkəmizin bütün bölgələrində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb və insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. İstər elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, istərsə də, sosial infrastruktur layihələri uğurla icra olunub. Hər bir rayonumuzun sosial-iqtisadi inkişafına böyük töhfə olan müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib. Bütün bu infrastruktur layihələri iş yerlərinin yaradılmasında da xüsusi əhəmiyyət kəsb edib.

Ötən dövr ərzində yol verilən neqativ hallar, kənd təsərrüfatı torpaqlarının qanunsuz zəbt olunması, tikinti normalarının pozuntusu kimi məsələləri xüsusi vurğulayan dövlət başçısı icra orqanları qarşısında ciddi vəzifələr qoydu. Son vaxtlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçıları və digər yüksək vəzifə daşıyan dövlət məmurları cəzalandırılıb. Hər bir məmur başa düşməlidir ki, mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək. Bütün dövlət məmurları insanlarla təmasda olmalı, onların problemləri, qayğıları ilə maraqlanmalı və köməklik etməlidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və iştirakçılarına dövlət tərəfindən xüsusi diqqət göstərilir. 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilib ki, bu proses bu gün də davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Dövlətimiz öz üzərinə düşən vəzifəni icra edir. Əsas odur ki, rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, daim onların yaşayışı, məşğulluğu ilə maraqlansınlar. Çünki biz bu Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edərək, sağlamlığını itirərək, Vətənimizi erməni işğalçılarından xilas ediblər. Ona görə hər bir dövlət məmurunun borcudur ki, onlara dayaq olsun. Şübhəsiz ki, hər bir dövlət məmuru xalqa xidmət etməli və insanların məmnunluğunu qazanmalıdır. Çox təəsüf ki, bəzi hallarda təyin olunmuş dövlət məmurları ölkə başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində ciddi tədbir görülür. Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsipləri məmurların əsas həyat və fəaliyyət normasına çevrilməlidir. Dövlət başçısı bu məsələlərdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib. Heç kim qanundan üstün ola bilməz, hazırda korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır və bu hər bir dövlət məmuru üçün dərs olmalıdır.