YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional və qlobal məsələlərdə səmərəli fəaliyyəti ilə təhlükəsizlik və ümumi rifaha böyük töhfələr verir

Azərbaycan dünyanın yenidən diqqət mərkəzindədir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransın ölkəmizdə keçirilməsi  şübhəsiz ki, regionun lideri olan Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

Prezident  İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Bakı konfransındakı çıxışında Azərbaycanın bu təsisata üzv olduğu vaxtdan indiyədək keçilən yola nəzər salaraq, təşkilatın işində fəallıq göstərdiyini  bildirib. Dövlətimizin başçısı  ötən müddətdə respublikamızın təşəbbüslərinə əsaslanılaraq, ərazi bütövlüyü, suverenlik, müstəqillik və bir-birinin işlərinə müdaxilə etməmə kimi prinsiplərin bütün üzv ölkələr tərəfindən önə çəkilməsi, heç bir müharibə, münaqişə və ədalətsizliyə yol verilməməsi kimi prioritetlərin diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə mühüm uğurlar qazaıldığını vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın adı çəkilən təşkilata  sədrlik etmək üçün ölkəmizin namizədliyinin yekdil şəkildə dəstəklənməsinin əsas səbəbini də yuxarıda vurğulanan amillərlə əlaqələndirib: “120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik…”.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru  Emin Bağırov açıqlamasında  daha sonra deyib: “Respublikamızın  belə bir uğuru təsadüfi deyil. Belə ki, Azərbaycan  müstəqillik illərində həmişə dünyaya sülhü, əməkdaşlığı önə çəkən çağırışlar edib, ölkələrin bir-birinin suverenliyinə hörmətlə yanaşmalarının, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini xatırladıb. Öz xarici siyasət xəttini də məhz sadalanan bu prinsiplərə əsasən qurub.

Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, habelə daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bildirməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsini şərtləndirib. Respublikamız ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sadiqliyini nümayiş etdirərək, onu uğurla həyata keçirib. Məhz bu  səbəbdəndir ki, hazırda dünya Azərbaycanın liderliyini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir”.
Emin Bağırov söhbətində, həmçinin qeyd edib ki,  Azərbaycanın daxili və xarici siyasət strategiyası, beynəlxalq aləmdə münasibətlər xətti əvvəllər olduğu kimi,  COVID-19 pandemiyası ilə mübarizə dövründə də dəyişməz qalıb. Dünyanı bürüyən bu təhlükəli bəlanın ölkələrin sosial-iqtisadi sahələrində yaratdığı fəsadların aradan qaldırılmasına cəhd göstərildiyi vaxtlarda, Azərbaycan özünün yeni sosial-iqtisadi paketi ilə həmin problemlərin həlli istiqamətində müsbət nəticələrə nail olub.

Azərbaycanın inkişafında iqtisadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilib, xüsusi karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara yardımların verilməsi reallaşdırılıb. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib.

Yeri gəlmişkən, COVID-19 pandemiyası ilə mübarizədə Prezident İlham Əliyevinin fəaliyyəti, yeritdiyi müdrik, düşünülən siyasəti bu gün deməyə əsas verir ki,  dövlətimizin başçısı Azərbaycanın müasir inkişaf strategiyasını hazırlamaqla yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil ola bilib. Əksər ölkələr qlobal böhrandan özlərini itirdikləri halda, Azərbaycan dayanıqlı səmərəli  karantin rejimini reallaşdırmaqla cəmiyyətdə sabitliyin qorunmasına nail olub.

Prezident  İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında, həmçinin  xatırladıb ki, Vətən müharibəsində bəzi ölkələr Azərbaycanın haqq işini pozmağa, anti-Azərbaycan sənədini BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etsələr də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycanın dostları tərəfindən bu ədalətsiz bəyanat bloklanıb   və bununla da ermənipərəst qlobal qüvvələrin respublikamıza qarşı hücumunun qarşısı alınıb.  

Emin Bağırov açıqlamasının sonunda bildirib: “Bütün bunlar isə hazırda Azərbaycanın dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təmin edildiyi  respublika kimi tanındığının göstəricisidir. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bunun nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.